“Qol vura bilmədikcə, üzərimizdə psixoloji basqını hiss edirdik” - MÜSAHİBƏ
12.07.2013 - 17:38
“Qol vura bilmədikcə, üzərimizdə psixoloji basqını hiss edirdik” - MÜSAHİBƏ
“Qarabağ”ın xorvatiyalı qapıçısı Miro Varvodiçin apasport.az saytına müsahibəsi

- “Metallurq”la oyun haqqında nə deyə bilərsiniz?
- İlk hissə bizim üçün çətin keçdi. Fasilədən sonra isə daha yaxşı oynamağa başladıq. Çox yaxşı ötürmələrlə rəqibin dəmir müdafiəsini yarmağa çalışdıq. Nəticədə buna nail olduq. “Metallurq” yaxşı komanda idi. Ancaq Avroliqanın ikinci mərhələsində mübarizə aparmağa biz daha layiq idik ki, ədalət öz yerini tapdı.

- Dediniz ki, ikinci yarıda daha yaxşı oynadınız. Ancaq qolu görüşün yalnız sonlarında vura bildiniz...
- Elədir. Ola bilsin ki, biz rəqibin müdafiə xəttini evdə daha asanlıqla yara biləcəyimizi güman edirdik. Bu üzdən meydana daha rahat şəkildə çıxmışdıq. Ancaq oyunun gedişatı göstərdi ki, rəqib daşdan çəpər hörmüşdü.

- “Metallurq”un ilk oyunla müqayisədə burda daha yaxşı oynadığını deyənlər var. Bu fikirlə razılaşırsınız?
- Razıyam. Doğrudan da “Metallurq” ilk oyunla müqayisədə çox-çox yaxşı oyun nümayiş etdirdi. Onlar müdafiədən oynamağa çalışırdı. Təbii ki, biz də evdə oynadığımızdan daha çox hücum qurmalıydıq. Hər dəqiqə getdikcə və biz qol vura bilmədikcə üzərimizdə psixoloji basqını hiss edirdik.

- Bəs növbəti rəqib “Pyast” haqqında nə deyə bilərsiniz?
- Rəqib Polşa komandasıdır. Bu üzdən düşünürəm ki, “Pyast” “Metallurq”dan daha səviyyəli olmalıdır. Polşalılardan heç kimi tanımırıq.

- Bu komandanın debütant olması sizin işinizi asanlaşdıra bilərmi?
- Düşünmürəm. Çünki bu, debütant olsa belə, Polşanı təmsil edir. Ona görə də arxayınlaşmağa haqqımız yoxdur. Ancaq düşünürəm ki, “Qarabağ” səviyyəsinə görə onlardan bir addım öndədir.

- Rəqib haqqında məlumat əldə etmisiniz?
- Hələ məlumat toplamamışıq.

Səbuhi TOFİQOĞLU