“Neftçi”nin oyunundakı polis
13.07.2013 - 11:40
“Neftçi”nin oyunundakı polis
Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran” – “Makkabi” oyununu idarə edəcək hollandiyalı hakim Danni Makkelinin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, cənubluların İsrail təmsilçisi ilə qarşılaşmasında fit çalacaq referi polisdə çalışır.

Lənkəran və Hayfa klublarının iyulun 25-də baş tutacaq cavab matçında ədaləti qorumalı olan Makkeli kifayət qədər gənc hakimdir. 30 yaşı bu il tamam olan hollandiyalı 17 yaşından polisdə işləyir. 2000-2010-cu illərdə bu sahədə çalışdıqdan sonra vəzifəsindən ayrılıb. Buna səbəb Hollandiya Futbol Federasiyasından aldığı təklif olub. 2 il qurumun həvəskar hakimlərin tədris şöbəsində çalışıb. Ötən ilin avqustunda federasiyadakı işini tərk edən Makkeli yenidən polisə qayıtmağı məqsədəuyğun sayıb.

Hakimliyə 22 yaşında başlayan polis artıq 26 yaşında Hollandiyanın yüksək liqa matçlarına təyinat alıb. Həmin vaxt o, buna nail olan ən gənc hakimlərdən biri kimi tarixə düşüb. 2011-ci ildən FİFA referisi adını daşıyan Makkeli UEFA-nın hakimlər üçün 1-ci kateqoriyasına daxildir.

Makkeli Azərbaycan klublarının görüşlərini idarə etməsə də, artıq 1 dəfə ölkəmizin qonağı olub. Hollandiyalı ötən il oktyabrın 4-də Avropa Liqasının Bakıda keçirilən “Neftçi” – “İnter” (İtaliya) qarşılaşmasında hakimlər briqadasının tərkibində yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə Makkeli baş hakimin əlavə köməkçilərindən biri olub.