“Neftçi”nin potensial rəqibinə qələbə verildi
22.07.2013 - 17:52
“Neftçi”nin potensial rəqibinə qələbə verildi
Qazaxıstan Futbol Federasiyasının İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Çempionlar Liqasının III təsnifat mərhələsində “Neftçi”nin potensial rəqiblərindən olan Karaqanda “Şaxtyor”unun oyununda baş verənlər də müzakirə olunub.

İyulun 19-da keçirilən XXX turun “Ordabası”nı qəbul edən “Şaxtyor”un 1:3 hesablı məğlubiyyəti ləğv olunub. Əvəzində karaqandalılara 3:0 hesablı texniki qələbə verilib. Buna səbəb qonaqların heyətində Muxtar Muxtarovun meydana çıxması olub. Sarı vərəqələrə görə cəzalı durumda olan futbolçunun meydana çıxması qonaqlara baha başa gəlib. Bu qələbə sayəsində “Şaxtyor” 20 matçda topladığı xalların sayını 31-ə çatdırıb və “İrtış”la birlikdə 3-cü yerə şərik olub.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində “Neftçi” – “Skenderbeu” (Albaniya) və BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan) cütlərinin qalibləri görüşəcək.