Tükənmiş şanslar: Avroliqada kim qalacaq?
24.07.2013 - 14:44
Tükənmiş şanslar: Avroliqada kim qalacaq?
Sabah Avropa Liqasının II təsnifat mərhələsində cavab oyunları keçiriləcək. Apasport.az saytının xəbərinə görə, həmin qarşılaşmalardan sonra turnirdəki hər 3 təmsilçimizin – “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın taleyinə aydınlıq gələcək. “Neftçi”nin Çempionlar Liqasında mübarizəni erkən dayandırmasından sonra elə Avropada cari mövsümün Azərbaycan üçün artıq sabah başa çatması mümkündü.

Çünki “İnter” Norveçdə “Trömse”yə, “Xəzər Lənkəran”sa İsraildə Hayfa “Makkabi”sinə 0:2 hesabı ilə uduzduğundan mərhələ keçmək şansını azaldıb. Komandamız istəyinə nail olmaq üçün böyük hesabla qalib gəlməlidir ki, bu da inandırıcı deyil.

Düzdü, “İnter”dən fərqli, lənkəranlılar evdə güclü azarkeş dəstəyi altında oynamaqla böyük üstünlük qazanacaq. Ancaq “ağ-yaşıllar”ın rəqibi “Trömse”dən daha güclü olduğundan, bu komandanı böyük hesabla məğlub etmək çətindir. Təsadüfi deyil ki, lənkəranlılar 2 il öncə turnirdə digər “Makkabi” – Təl-Əviv təmsilçisi ilə oyundan da 2 top fərqli məğlubiyyətlə qayıtmışdı - 1:3. Yəni, cənublular səfərdə qol vurduğundan, evdə 2:0 hesabı ilə qalib gəlməklə, mərhələ keçəcəkdi. Ancaq həmin matç qolsuz bərabərliklə nəticələndi. İndi isə 2:0 hesablı qələbə yalnız əlavə vaxta vəsiqə qazanmaq demək olacaq.

“İnter”in isə qitə miqyaslı turnirdə öz meydanında zəif oynamağı nikbinliyə əsas vermir. Təsadüfi deyil ki, bundan öncəki mərhələdə “Bayıl Arena”da qalib gəlmək mümkün olmamışdı – 1:1. Belə oyunlarda qolun tez vurulmağından çox şey asılı olduğundan, komandalarımız fasiləyə ən azı 1:0 hesablı üstünlüklə yollanmalıdır. Rəqib 1 top vurarsa, bu zaman artıq 4 qol lazım gələcəyindən, mərhələ keçmək işi demək olar mümkün olmayacaq.

“Qarabağ” isə “Pyast”la səfərdə oynasa da, işi nisbətən asandır. Çünki ötən həftə qalib gələn yeganə təmsilçimiz məhz ağdamlılar oldu. Düzdür, polşalılarla oyunda qazanılan 2:1 hesabı sürüşkən olsa da, Qurban Qurbanovun yetirmələri istənilən heç-heçə ilə mərhələ keçəcək. Digər tərəfdən, polşalılar səfərdə qol vurduğundan, ona qalib olmaq üçün 1:0 hesablı qələbə də yetərlidir.

Bu ölkənin təmsilçiləri öz meydanında doğma azarkeşlərinin güclü dəstəyi altında oynadığından, böyük psixoloji üstünlük qazanır. Ona görə də “Qarabağ” buna hazır olub, baş məşqçisi demişkən, aqressiv oynamalıdır. Ağdamlılar mərhələ keçərsə, rəqibi də demək olar artıq bəllidir. Bu, ilk oyunda öz meydanında İsveçin “Gefle” klubuna 3:0 hesabı ilə qalib gələn Kipr “Anortosis”idir.

Qeyd edək ki, “Qarabağ”ın oyunu saat 20:30-da, “İnter”lə “Xəzər Lənkəran”ın matçları 21:00-da başlayacaq.