“Turan” - küçələrə atılan gözəl...
29.07.2013 - 23:01
“Turan” - küçələrə atılan gözəl...
Premyer Liqanın növbəti püşkü atıldı, növbəti çempionatın start tarixi müəyyənləşdi. Müstəqil futbol tariximizdə ilk dəfə bu təntənədə “Turan adı səslənmədi. Səslənə də bilməzdi, çünki belə bir varlıq yoxdu artıq....

Əfsuslar olsun!

Dünən qəzetləri vərəqləyərkən çempionatın təqviminin dərc olunduğunu gördüm və intuitiv olaraq “Turan”ı axtardım. Dərhal da özümə gəlib, gülməli duruma düşdüyümü dərk etdim... Yaxşı ki, fikrimi özümdən başqa heç kim duyası deyildi...

Bağışla bizi, “Turan”, bağışla!

Nə adını, nə nüfuzunu, nə də mənliyini qoruya bildik. Adın, nüfuzun, mənliyin qürur mənbəyimiz idi, o da itirildi, atıldı ayaqlar altına. Səfil, yiyəsiz, “bomj” gününə salınıb küçələrə atıldın... Futbol “dahi”lərinin futboldankənar oyunlarının qurbanına, ilk dövrədə birinci “altılığ”a namizəd olduğun halda, ikinci dövrədə aşkar autsayderə çevrildin.

Qədim oğuz elinin, irsi futbol diyarının mənəvi övladı kimi sənin bircə adın ola bilərdi -“Turan”! Dünyanın qulağında səksəkə ilə səslənən ad. Hətta bütöv Türk dünyasının belə, adını qabartmağa ehtiyat etdiyi bir “Turan”. Çox sağlam doğuldun, mərd böyüdün, on minlərlə insanların eşqini, sevgisini qazandın. İnsanların ruh və mənəvi qida mənbəyinə çevrildin. Heç təsəvvür edə bilmirəm ki, daha yoxsan...

Müharibənin qanlı günlərində stadiona, ətrafına səpələnən “Qrad” gurultularının əks-sədası “Tu-ran, Tu-ran” hayqırtıları ilə cavablandırılırdı... və əmin olun, bu cavab düşmən üçün daha sarsıdıcı olurdu. Çünki, “Turan” adının nə demək olduğunu bəlkə də onlar bizdən daha yaxşı bilirdilər.

Bildiyimi, gördüyümü deyirəm, “Turan”ı olan xalq əyilə və sındırıla bilməzdi. “Turan” ruhuna görə, düşmən bir addım belə Tovuz torpağına addım basa bilmədi. Çünki “Turan” bu müqəddəs adı qanında, irsiyyətində şərəflə gəzdirənlər üçün qəhrəmanlıq simvolu idi. Amma nə qədər sevilsə də, yiyəsiz qaldı “Turan”, yiyəsizliyin də qurbanı oldu. Kimsəsiz gözəl kimi küçələrə atıldı.

İndi birinci liqa sevdası ilə turançıları ovundururlar. Guya ki, baxılacaq, güclənəcək, yenidən Premyer Liqaya gələcək “Turan”.

Cəfəngiyatdı!

“Turan” Premyer Liqada var idi, bu gün də var. Yiyə, sahib gərək ki, UEFA və FİFA-ya bircə məktub göndərsin ki, çempionatın sonuna 2 ay qalmış, çempionatın keçirilməsinə dair reqlament dəyişiklikləri cari çempionata aid ola bilməz. Tamamilə qanunsuz və absurd qərarla “Turan”ı kənarlaşdırdılar.

Əslində, bu qərarın elə məğzi bu idi. Bu gün ciddi bir etiraz kifayət edir ki, “Turan”ın Premyer Liqada iştirakı təmin olunsun. Amma bu gərəkmi? Sürünə-sürünə, inildəyə-inildəyə, imdad və yardım diləməklə hara kimi getmək olar? Bəlkə də getmək olar, çünki dilənçiliyi özünə vərdiş eyləyənlər də olur. Amma, bu halda adından imtina etməlisən, çünki, “Turan” adı, “Turan” qüruru ilə dilənçilik xisləti bir araya sığmaz. Bu, tam uyğunsuzluqdu.

Biz müqəddəs varlığımızı itirdik.
Əlvida, doğma “Turan”ımız!!!!

Yaşar SULTANOV