Təmsilçilərimizin Boluda son sınağı
29.07.2013 - 22:15
Təmsilçilərimizin Boluda son sınağı
Yeni mövsüm hazırlıqlarının 2-ci mərhələsini Boluda davam etdirən yığmamızın yarımmüdafiəçisi Arif İsayev və müdafiəçi Saşa Yunisoğlunun heyətində çıxış etdiyi “Dənizlispor” buradakı hazırlıqlarını başa vurur. Apasport.az saytının məlumatına görə, təxminən 10 gün davam edən Bolu təlim-məşq toplanışında Türkiyə klubu 2 yoxlama oyununda qüvvəsini sınayıb.

Gürcüstan “Rustavi”sinə qalib (1:0) gəlib, millimizin digər futbolçusu Branimir Subaşiçin formasını geyindiyi “Orduspor”a məğlub (1:2) olan Dənizli təmsilçisi sabah növbəti görüşünü keçirəcək. Legionerlərimizin komandasının rəqibi isə “Adana Dəmirspor” olacaq. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyundan sonra “Dənizlispor” doğma şəhərlərinə qayıdacaq.

Qeyd edək ki, “Rustavi” ilə matçda İsayevlə Yunisoğlu meydana start heyətdə çıxıb. Oyunda yeganə qolu isə Arif vurub. Lakin “Orduspor”la görüşdə Saşa meydanda çıxsa da, İsayev zədəli olduğu üçün qarşılaşmanı kənardan izləyib.