“Barselona”da icarədə olan futbolçu “Bakı”ya keçdi!
30.07.2013 - 17:10
“Barselona”da icarədə olan futbolçu “Bakı”ya keçdi!
“Bakı” növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, İspaniya futboluna yaxşı bələd olan baş məşqçi Milinko Pantiç komandasına bu ölkədən futbolçu cəlb edib.

Belə ki, paytaxtın eyniadlı təmsilçisi ispaniyalı müdafiəçi Mario Alvareslə anlaşıb. 31 yaşlı arxa xətt oyunçusu 2 il “Bakı”nın şərəfini qoruyacaq.

Son 2 ili “Betis”də keçirən mərkəz müdafiəçisinin “Elçe”ye keçmək variantı olsa da, üstünlüyü “Bakı”ya verib. Karyerası ərzində “Atletiko”nun B komandası, “Xetafe”, “Valyadolid” və “Rekreativo” kimi klublarda oynamış Alvares 2003/04 mövsümündə “Barselona”da icarədə olub.

Müdafiəçi Kataloniya təmsilçisində cəmi 1 oyuna çıxıb. Bu da “Barselona”nın “Malaqa”ya 1:5 hesabı ilə uduzduğu qarşılaşmaya təsadüf edib.

Mario İspaniyanın 16, 17, 18 və 21 yaşadək yığmalarının da şərəfini qoruyub. 1999-cu ildə isə U-16-nın heyətində Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, “Bakı”nın heyətində daha bir ispaniyalı Mario Martines də çıxış edir.