Legionerlərimiz son oyunda heç-heçə etdi
30.07.2013 - 21:50
Legionerlərimiz son oyunda heç-heçə etdi
Yığmamızın yarımmüdafiəçisi Arif İsayev və müdafiəçi Saşa Yunisoğlunun heyətində çıxış etdiyi “Dənizlispor” yeni mövsüm hazırlıqlarının 2-ci mərhələsini başa vurub. Apasport.az saytının məlumatına görə, 10 gün davam edən Bolu təlim-məşq toplanışında Türkiyə klubu 3-cü yoxlama oyununda qüvvəsini sınayıb.

Gürcüstan “Rustavi”sinə qalib (1:0) gəlib, millimizin digər futbolçusu Branimir Subaşiçin formasını geyindiyi “Orduspor”a məğlub (1:2) olan Dənizli təmsilçisi bu dəfə “Adana Dəmirspor”la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

Matçda Saşa Yunisoğlu meydana start heyətdə daxil olub.

Qeyd edək ki, “Rustavi” ilə matçda İsayevlə Yunisoğlu meydana start heyətdə çıxıb. Oyunda yeganə qolu isə Arif vurub. Lakin “Orduspor”la görüşdə Saşa meydanda çıxsa da, İsayev zədəli olduğu üçün qarşılaşmanı kənardan izləyib.