“Alvares “Bakı”nın ona verəcəyi puldan az almağa da hazır idi”
31.07.2013 - 14:10
“Alvares “Bakı”nın ona verəcəyi puldan az almağa da hazır idi”
“Marionun “Bakı”da tibbi müayinədən keçərkən problem yaşamayacağına əminəm. Payızda aldığı zədədən sonra xeyli vaxt ötüb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın yeni transferi Mario Alvaresin meneceri Pablo Qarsia Quilon deyib.

İspaniyalı FİFA agenti bildirib ki, “Betis”in imtina etməsində zədəyə meylliliyinin olduğu söylənilən müştərisinin sağlamlığı qaydasındadır. Müdafiəçinin nümayəndəsi qeyd edib ki, Sevilya təmsilçisinin rəhbərliyi futbolçunun 1 il əvvəlki zədəsini önə çəkməklə onun qiymətini aşağı salmaq istəyirmiş: “Marionun komandadan ayrılmağına çox təəssüflənirəm, azarkeşlərə isə dəstəyə görə təşəkkür edirəm. Futbolçu “Bakı”nın ona verəcəyi puldan az almağa da hazır idi, təki “Betis”də qalsın. Özü burada qalmağın tərəfdarı idi. Bilirik ki, baş məşqçi Pepe Mel də ondan razı idi. Amma vəziyyət başqa cür oldu”.

Qeyd edək ki, “Bakı” 31 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalayıb.