Elnur Abdullayev 3 oyunluq cəzalandırılıbmış...
31.07.2013 - 17:53
Elnur Abdullayev 3 oyunluq cəzalandırılıbmış...
UEFA “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayevi 3 oyunluq cəzalandırıb. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

Abdullayev Avropa Liqasının I təsnifat mərhələsində Malta “Slima”sı ilə cavab oyununda aldığı birbaşa qırmızı vərəqə görə hayfalılarla matçları buraxmalı oldu.

Yarımmüdafiəçinin cəzasına aydınlıq gətirən Nadirov cərimənin kəsilmədiyini bildirib: “Elnura 3 oyunluq cəza verilmişdi ki, bunun ikisini çəkib. Pul cəriməsi yoxdur”.

Qeyd edək ki, futbolçu birbaşa qırmızı vərəqə alanda, heç də həmişə ona 2 oyunluq cəza verilmir. “Xəzər Lənkəran” Avropada çıxışını dayandırdığından, Abdullayevin cəzası gələn mövsümə qalır. 27 yaşlı futbolçu başqa komandaya keçib, qitə miqyaslı turnirdə çıxış edərsə də, cəzası “belində olacaq”.

Mehman SÜLEYMANOV