Qurban Qurbanov: Qol buraxmaq olmaz
31.07.2013 - 20:12
Qurban Qurbanov: Qol buraxmaq olmaz
“Öz oyununu təsdiqləmiş bir rəqibə qarşı mübarizə aparacağıq. Onların öz oyun üslubu var. "Gefle" bir neçə oyun üslübunda çıxış edə bilir. Səfərdə tam başqa, evdə tam başqa oyun nümayiş etdirir. Biz də onlara qarşı bir neçə oyun üslubunda hazırlaşmışıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Gefle” ilə baş tutacaq matçdan əvvəl Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Qurbanov İsveç klubunun üstün cəhətlərindən danışıb: “Gefle”nin ön xətdə 2 ucaboy futbolçusu var. Digər oyunçuları hündürdür. Nəticənin necə olacağını meydanda görəcəyik. Ehtiyatlı olmalıyıq. Çünki ilk qarşılaşmadır. Bizi əks-hücumda tuta bilərlər. Üstəlik, bir neçə zədəlimiz var. Vüqar Nadirov forma geyinməyəcək, Reynaldonun isə meydana çıxma ehtimalı çox azdır. Maksimin də problemi var. Fikrimcə, cavab görüşünə daha yaxşı hazırlaşmaq imkanımız olacaq. Çünki ilk oyunla müqayisədə rəqibi daha yaxından tanlyacağıq”.

Sonda Qurbanov bu dueldə əsas məqsədlərini açıqlayıb: “Öncə qol buraxmamaq lazımdır. Sonra da Allahın köməkliyi ilə qələbə qazanmaq istəyirik. Təbii ki, doğma azarkeşlər önündə qələbə qazanmalıyıq”.

Səbuhi TOFİQOĞLU