“Qarabağ”: Birinci qol rekord, ikinci yubiley!
01.08.2013 - 18:00
“Qarabağ”: Birinci qol rekord, ikinci yubiley!
“Qarabağ” avrokuboklarda daha bir rekorda imza ata bilər. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərdə ən çox qələbə qazanan, ən çox xal toplayan Azərbaycan klubu kimi rekordların müəllifi olan Ağdam təmsilçisi qol sayında da mütləq göstəriciyə imza atmağa yaxındı.

Belə ki, bu günədək 38 qola imza atan “Qarabağ” “Neftçi”nin rekorduna ötən həftə şərik çıxıb. Həmin vaxt ağdamlılar Avropa Liqasının II təsnifat mərhələsinin “Pyast”la səfər oyununda 2 dəfə rəqib qapısına yol tapmaqla, vurulan qolların sayını 38-ə çatdırmışdılar. Bu isə “Neftçi”yə məxsus rekordun təkrarıdır.

Bu gün baş tutacaq III təsnifat mərhələsinin İsveç “Gefle”si ilə Bakıdakı qarşılaşmasında vurulacaq ilk qol “Qarabağ”ın “Neftçi”ni arxada qoyması üçün yetərlidir. Əgər təmsilçimiz bu gün 2-ci qolu da vursa, həmin top yubiley – 40-cı olacaq.

Qeyd edək ki, “Qarabağ” 38 qoldan 35-ni UEFA kuboku/Avropa Liqasında, 1-ni Kuboklar kuboku, 2-ni İntertoto kubokunda vurub.