Viktor Mendi Pantiçin “siftə”sini korladı
02.08.2013 - 19:21
Viktor Mendi Pantiçin “siftə”sini korladı
Bu gün Topaz Premyer Liqasında 2013/14 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turun ilk oyun günündə azarkeşlər yalnız bir qarşılaşmaya şahidlik edib.

Açılış matçında “Bakı” klubun təlim-məşq bazasının stadionunda “Qəbələ”ni qəbul edib. Bu görüşü iki yeni baş məşqçi - serbiyalı çalışdırıcı Milinko Pantiç və rusiyalı mütəxəssis Yuri Syominin dueli də adlandırmaq olardı. Mövsümdə ilk matçına çıxan hər iki baş məşqçi Azərbaycan çempionatında debüt edib.

21-ci dəfə üz-üzə gələn komandaların duelində isə sevinən tərəf qonaqlar olub.

Hesabı əvvəlcə paytaxt təmsilçisi açıb. 12-ci dəqiqə Mindauqas Kalonas rəqibi mərkəzdən başlamağa məcbur edib. Fasiləyə məğlub durumda yollanan “qırmızı-qaralar” ikinci hissəyə daha yaxşı başlayıb. Baş məşqçi Yuri Syominin ikinci yarıda etdiyi dəyişikliklər də öz bəhrəsini verib. Oyuna sonradan daxil olan Viktor Mendi meydan sahiblərinə şok yaşadıb. Seneqalı hücumçu 62 və 82-ci dəqiqələrdə dubl edərək, cari mövsümdə komandasına ilk 3 xal qazandırıb.

Beləliklə, “Qəbələ”yə 1:2 hesabı ilə uduzan Milinko Pantiçin yetirmələri çempionatın açılış matçında məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, Topaz Premyer Liqasında I tura avqustun 4-də keçiriləcək iki oyunla yekun vurulacaq.

Topaz Premyer Liqası
I tur
2 avqust (cümə)

“Bakı” - “Qəbələ” - 1:2
QOLLAR: Mindauqas Kalonas, 12 - Viktor Mendi, 62; 82
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov
“Bakı”nın təlim-məşq bazasının stadionu

“Bakı”: 1. Aqil Məmmədov, 2. Deividas Çesnauskis, 3. Yure Travner, 24. Georgios Pelagias, 5. Aqil Nəbiyev (k), 6. Vadim Abdullayev, 8. Cavid Hüseynov, 23. Lukas Mario Horvat, 10. Aleksandar Soliç, 19. Marius Pena, 20. Mindauqas Kalonas
Ehtiyat oyunçular: 29. Kamran Ağayev, 26. Əziz Quliyev, 31. Vüqar Mustafayev, 17. Risto Ristoviç, 7. Əfran İsmayılov, 22. Namiq Ələsgərov, 21. Elvin Məmmədov
Baş məşqçi: Milinko Pantiç

“Qəbələ”: 27. David Pietrzkeviç, 2. Rail Məlikov, 4. Amit Quluzadə, 6. Volodimir Levin (k), 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 15. Umar Kalabane, 18. İbrahima Niasse, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 5. Sadiq Quliyev, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 19. Abdulvahid Afolabi, 21. Elmar Baxşıyev, 84. Dejan Kelhar
Baş məşqçi: Yuri Syomin