Vobay “Neftçi”dən niyə getdi?
02.08.2013 - 14:25
Vobay “Neftçi”dən niyə getdi?
“Neftçi”nin futbolçusu Julius Vobayın Avropanı Asiyaya dəyişməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, buna səbəb Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şaab” komandasının baş məşqçisidir.

Belə ki, 1974-cü ildə yaradılan Şarca Əmirliyinin komandasına ötən ilin dekabrından etibarən rumıniyalı çalışdırıcı Marius Şumudike rəhbərlik edir. 42 yaşlı çalışdırıcı isə Vobayın potensialına hələ Rumıniyada çalışdığı vaxtdan bələddir. Vobay 2007-2010-cu illər ərzində Krayova “Universitatya”sında oynadığı vaxt Şumudike “Astra” və “Qloriya” kimi klublarda baş məşqçi vəzifəsində işləyib.

Məhz yaydan bəri rumıniyalı məşqçi Vobayı istəyirmiş. Syerra-Leone millisinin üzvü isə “Neftçi” Çempionlar Liqasında çıxış etdiyindən bu təklifə isti yanaşmayıb. Komandası “Skenderbeu” səddinə ilişincə, Julius Şumudikenin təklifini qəbul etməli olub.

Qeyd edək ki, Vobay yeni komandasında 1 illik icarə əsasında çıxış edəcək.