Simon Lundevall: Karyeramda belə oyun olmamışdı - MÜSAHİBƏ
02.08.2013 - 16:07
Simon Lundevall: Karyeramda belə oyun olmamışdı - MÜSAHİBƏ
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan “Gefle”nin yarımmüdafiəçisi Simon Lundevallın apasport.az saytına müsahibəsi

- “Qarabağ”la oyunda məğlubiyyət gözlənilməz olmadı?
- Nəticəyə görə üzgünəm. Biz ən azı 0:0 hesablı bərabərliyi qorumaq üçün çalışdıq. Lakin buna nail ola bilmədik. Bir səhv buraxdıq və bu bizə məğlubiyyət bahasına başa gəldi. Bununla belə, rəqib meydanında oynadığımızı nəzərə alsaq pis nəticə deyil.

- İsveçdəki qarşılaşmada bu məğlubiyyəti lehinizə çevirə biləcəksinizmi?
- İkinci oyun üçün yaxşı şansımız var. Öz meydanımızda oynayacağıq və azarkeşlərimizin dəstəyi bizimlə olacaq. Sona qədər mübarizə aparıb, lazımi qolları vurub qələbə qazanmalıyıq.

- “Qarabağ”ı bu qədər azarkeşin dəstəkləyəcəyini gözləyirdinizmi?
- Möhtəşəm azarkeş dəstəyi var idi. Tribunada fantastik ab-hava yaratmışdılar. Avrokubok oyununa çıxdığını hiss edirdin. Karyeramda bu qədər azarkeş dəstəyi altında oyun keçirməmişdim. Onlar möhtəşəm idi.

- Sizin fanatlar necə, komandanı dəstəkləyirlərmi?
- Bizim fanatlar da komandanı sevirlər. Onlar da çılğındırlar və 90 dəqiqə bizim qələbə qazanmağımız üçün bacardıqlarını edirlər. İnanıram ki, cavab oyununda bunun şahidi olacağıq.

- Bakının istisi sizi qorxutmadı?
- Əlbəttə, İsveçlə Azərbaycanda fərqli temperatur hökm sürür. Bu gün istidə oynamaq bizə çətin oldu. Bu amil meydan sahibinə kömək etdi. İkinci oyunda isə hava amili bizim xeyrimizə olacaq. İstidə oynamaq bizə çətin olduğu kimi, soyuq havada da oynamaq “Qarabağ”a çətinlik yaradacaq.

- “Qarabağ”ın heyətində hansı futbolçunun oyununu qeyd etmək istərdiniz?
- 20 nömrənin (Riçard Almeydanı nəzərdə tutur – red.) oyunundan xoşum gəldi. Ondan başqa, bizə qol vuran futbolçu da xoş təsir bağışladı.