Anar Salmanov Norveçdə 3 vərəqə göstərdi
02.08.2013 - 16:53
Anar Salmanov Norveçdə 3 vərəqə göstərdi
FİFA referisi Anar Salmanov dünən Norveçin Tromsö şəhərində Avroliqanın III təsnifat mərhələsi çərçivəsində oyun idarə edib. Apasport.az saytının məlumatına görə, Salmanov bundan öncəki mərhələdə “İnter”i avrokuboklardan kənarlaşdıran “Tromsö”nün “Differdanj 03”lə görüşündə baş hakim olub.

Ədalət təmsilçimiz bu görüşdə 3 sarı vərəqəyə əl atıb. Bunlardan 1-i meydan sahiblərinin, digər 2-si isə lüksemburqluların “payına düşüb”. O, 63 və 65-ci dəqiqələrdə əlini cibinə atıb. Əvvəlcə fransız Qotye Karonu cəzalandıran Salmanov eyni cəzanı “Tromsö”nün müdafiəçisi Adnan Çauşeviçə qarşı da tətbiq edib. Referi bir də görüşün əsas vaxtının başa çatmasına 9 dəqiqə qalmış Tom Zibenaleri cəzalandırıb.

Qeyd edək ki, bu görüş “Tromsö”nün 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 76-cı dəqiqədə Robert Ondraşek vurub. Maraqlıdır ki, çexiyalı hücumçu “İnter”in də qapısına Norveçdə yol tapmışdı.