Viktor Mendi: Bu cür başlanğıc mənə gələcək üçün əlavə stimul verir
03.08.2013 - 12:12
Viktor Mendi: Bu cür başlanğıc mənə gələcək üçün əlavə stimul verir
“Bakı” – “Qəbələ” qarşılaşması mövsümün ilk matçı olduğundan hər 2 komanda üçün önəm kəsb edirdi. Hər 2 kollektiv çempionata qələbə ilə başlamaq istəyirdi. Bu baxımdan futbolçuların üzərinə böyük məsuliyyət düşürdü. “Bakı” matça daha yaxşı başladı və erkən qola sevindi. Lakin təslim olmadıq, sonadək mübarizə aparıb yekunda qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin hücumçusu Viktor Mendi deyib.

Topaz Premyer Liqasının ilk turunun açılış oyunu olan “Bakı” – “Qələbə” matçında sonradan oyuna daxil olan və 2 qola imza atmaqla komandasına qələbə qazandıran seneqallı futbolçu klubunun rəsmi saytına danışıb. 31 yaşlı hücumçu komandasının layiqli qələbə qazandığını, qalibiyyətdə pay sahibi olduğu üçün sevincli olduğunu deyib: “Komanda olaraq yaxşı hazırlıq prosesi keçdik. Bunun nəticəsini də gördük. Oyuna daxil olarkən özümə və kollektivimizə inanırdım. Qələbədə pay sahibi olduğuma görə sevincliyəm. Qarşıda bizi çətin oyunlar gözləyir və bu cür başlanğıc mənə gələcək üçün əlavə stimul verir. “Bakı” - “Qəbələ” oyunu artıq arxada qaldı. İndi bu oyunu yaxşı analiz etməli, səhvlərimizin üzərində işləyərək növbəti görüşlərə hazırlaşmalıyıq”.

Qeyd edək ki, Viktor Mendi 55-ci dəqiqədə braziliyalı Dodonun yerinə meydana daxil olub. Afrikalı futbolçu 62 və 82-ci dəqiqələrdə başla dubl edərək “Qəbələ”yə 2:1 hesablı qələbə qazandırıb.