“Qarabağ” heyətdəki əhval-ruhiyyəni korladı” – MÜSAHİBƏ
12.08.2013 - 11:20
“Qarabağ” heyətdəki əhval-ruhiyyəni korladı” – MÜSAHİBƏ
Milli komandamızın və “Sumqayıt”ın qapıçısı Anar Nəzirovun apasport.az saytına müsahibəsi

- “Qarabağ”a 1:5 hesabı ilə uduzduğunuz qarşılaşma haqda nə deyə bilərsiniz?
- Nə deyim e? Acınacaqlı şəkildə uduzduq. Bu məğlubiyyətə söz tapmaq olmur.

- Oyundan qabaq belə məğlubiyyəti gözləmirdiniz? Nəzərə alın ki, “Qarabağ” güclü komandadı...
- Həqiqətən də güclü komandadı. Hərtərəfli şəkildə bizi üstələyirdilər. Biz onlara qarşı hücum futbolu nümayiş etdirdik. Ona görə də belə alındı.

- İsveçin “Gefle” komandasının Bakıdakı oyununu yəqin ki xatırlayırsınız. Onlar kimi “Qarabağ”a qarşı müdafiə futbolu oynasaydınız, nəticə heç-heçə ilə başa çata bilərdi?
- Yəqin ki, elə də olacaqdı. Belə məğlubiyyəti heç istəmirdik. Uşaqlara da pis təsir etdi. Gənc komandayıq. Belə baxanda, təcrübəsizliyin qurbanı olduq. İnşallah, gələcək oyunlarda vuruşub, yaxşı nəticələr qazanmağa çalışacağıq.

- Amma “Xəzər Lənkəran”la oyundakı heç-heçədən sonra komandanızın düşərgəsində əhval-ruhiyyə yaxşı idi...
- Hə, elədir. Ruh yüksəkliyi əldə etmişdik. Ancaq “Qarabağ” belə hesablı yenilgi ilə düşərgəmizdəki əhval-ruhiyyəni korladı.

- Növbəti oyunda Sumqayıtda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu qarşılaşma barədə nə fikirləşirsiniz?
- Həmin görüşdə ən azından belə hesablı yenilgini unutdurmağa çalışacağıq.

- “Qəbələ” 6 xalla turnir cədvəlinin ilk “üçlüy”ündə qərarlaşıb. Yəqin ki, heyətinizin gənc olduğunu nəzərə alıb, onlara qarşı müdafiə futbolu oynayarsınız...
- Həqiqətən də heyətimiz gənc oyunçulardan qurulub. Bir qədər müdafiəyə ciddi diqqət ayırmalıyıq.

- Sabiq komandanıza qarşı meydana çıxarkən, xüsusi hisslər altında oynamayacaqsınız?
- Yox. Adi bir oyun kimi “Qəbələ”yə qarşı meydana çıxacam. Mən öz oyunumu göstərəcəyəm. Bu kluba oyun təcrübəsi qazanmaq üçün gəlmişəm. Çalışacağam ki, bundan sonrakı oyunlarda daha da yaxşı çıxış edim, komandama əlimdən gələn köməyi verim.

- “Qəbələ” kimi iddialı klubdan autsayderlərdən olan “Sumqayıt”a keçdiniz. Buna görə hər hansısa bir peşmançılıq hissi yoxdur ki?
- Peşmançılıq hissi ola bilməz. Mən bura oynamağa gəlmişəm. Burda da əsas heyətdə meydana çıxıram. Futbolçu üçün başqa nə lazımdır ki?

Səbuhi TOFİQOĞLU