“Qəbələ”nin yeni transferi: Bu cür əzmlə mübarizə aparsaq...
12.08.2013 - 11:42
“Qəbələ”nin yeni transferi: Bu cür əzmlə mübarizə aparsaq...
“Komanda əlindən gələn hər şeyi etdi. Artıq 2 oyundur hesabda geri olmağımıza baxmayaraq, yekunda qələbə qazanmağı bacarırıq. Bu da kollektivimizin xarakter nümayiş etdirdiyini göstərir". Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin braziliyalı futbolçusu Leonardo Da Silva deyib.

Topaz Premyer Liqasının I turunun "Bakı" ilə oyununda (1:2) 2 məhsuldar ötürmə verən, II turun "İnter"lə görüşündə (3:2) bərabərlik qoluna imza atan və daha 1 topa assistentlik edən cənubi amerikalı futbolçu son qarşılaşma haqda fikirlərini açıqlayıb.

Leonardo klubun rəsmi saytına açıqlamasında komandasının hər oyuna qələbə üçün çıxdığını vurğulayıb: "Komandamız hər oyuna qələbə üçün çıxır. 2 turdur istədiyimiz nəticəni əldə edirik. İnanıram ki, bu cür əzmlə, sona kimi mübarizə aparsaq növbəti oyunlarda da uğur qazanacağıq. Özümə gəlincə, hazırda kollektivə uyğunlaşma dövrünü yaşayıram. Hələlik bacardığımın yalnız 70 faizini göstərə bilmişəm. Qarşıdakı turlarda azarkeşlərimiz fərqli və daha üstün Leonardo görəcəklər".