“Foqtsun millidə gözü götürmədiyi futbolçu mənəm” - MÜSAHİBƏ
21.11.2013 - 16:49
“Foqtsun millidə gözü götürmədiyi futbolçu mənəm” - MÜSAHİBƏ
Milli komandamızın və “Bakı”nın qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi

- “Acıbadem” Sağlamlıq Mərkəzinin Bakı ofisinində açılışında iştirak edirsiniz. Bu haqda nə deyə bilərsiniz?
- Bu xəstəxananın Bakıda açılması biz futbolçuların da işini asanlaşdırır. Futbolçu həyatı elədir ki, zədələnmək ehtimalı çoxdur. 3 ay ərzində 2 dəfə əməliyyat olunmuşam ki, bunlar da İstanbulda “Acıbadem”də olub. Hazırda bir az ayağımda ağrılar qalıb. Ümumilikdə hər şey normaldır. “Acıbadem”in Bakıda açılması sevindirici haldır, təbrik edirik.

- Bu il meydana çıxmaq ehtimalınız var?
- Hazırda bir qədər artıq çəkim var. Zədədən sonra çəkinin olması normaldır. Gərək formamı bərpa edim. Ayağım ağrımasa, 4-5 günə komandaya qayıda bilərəm.

- Razısınız ki, “Bakı”da bu dəqiqə qapıçı problemi var?
- Razı deyiləm. Bu, normal fikir deyil. Kamrandan başqa 3 qapıçı var. 2 dənə də əvəzedici komandanın qolkiperi. İnsan səhv edə bilər. Səhvsiz futbolçu yoxdur. Səhv etmək istəmirsənsə, ehtiyatda otur, heç kim də sənin səhvini görməsin. Qapıçımız gəncdir. İnanmıram ki, onun səhvinə görə komanda uduzsun.

- Baş məşqçi Milinko Pantiç Edin Nuredinoskiyə şans vermir. Makedoniyalı qapıçının hazırda forması necədir?
- Yox, bizdə hamı formadadır. Sadəcə olaraq, məşqçinin öz düşüncələri var. Onun oynadılmaması üçün çox variant fikirləşmək olar. 3 azərbaycanlı və 1 gənc futbolçunun oynadılması qaydalarına görə Nuredinoskiyə şans verilməyə bilər. Bizdə, Elxan Əhmədovdan başqa, əsas komandada Aqil Məmmədov da var. Ona görə də məşqçinin işinə qarışa bilmərik. Sadəcə, ondan nəticə tələb edə bilərik.

- Yığmadan hamı qələbə gözləyirdi. Oynamasanız da, bu haqda fikirlərinizi bildirərdiniz...
- Estoniyanın bu ilki çıxışını nəzərə almasaq, həmişə yaxşı mübarizə aparan komanda olub. Qırğızıstanda stadionun bərbad vəziyyətdə olduğunu hamı sonradan gördü. Üstəlik, biz onların meydançasında oynayırdıq. Orda hamı yoxlanırdı. Qələbə gözləsək də, alınmadı.

- Ruslan Abışov müsahibəsində bildirib ki, Estoniya ilə görüşdə meydana sonradan daxil olanlar – Almaniyadan gətirilən futbolçular girdikdən sonra zəif çıxış etməyə başladılar. Əks halda, qələbə qazana bilərdilər. Bu fikirlə razısınız?
- Gəlin, meydana sonradan girənləri Almaniyadan gətirilənlərə bölməyək. Ancaq onu deyim ki, həmin oyunçularda azərbaycanlı qanı az da olsa varsa, meydana çıxanda məsuliyyəti hiss etməli, dərk etməlidi. Məsələn, əgər mən Ərdəbildə doğulsaydım, qapıya yerlilər ola-ola məni qoysaydılar, əlbəttə ki, bu düzgün qarşılanmazdı.

- Himn çalınarkən saqqız çeynəyən Pərdis Fərcad-Azadın milliyə çağırılması nə dərəcə düzgündür? Nəzərə alaq ki, onun rəqib oyunçunu sərbəst buraxmasından sonra estonlar qol vurdu...
- Estoniya ilə oyunu canlı vermirdilər. Matçı internet ilə isə görüntü kəsilə-kəsilə izləmişəm. Biz meydançaya qələbə üçün çıxırıq, Kriştianu Ronaldudan forma almağa çıxmırıq.

- Baş məşqçinin qalıb-qalmaması üçün futbolçuların hər birindən ayrılıqda fikir öyrənilməsinə ehtiyac var?
- Bu, pis bir şeydir. Kim ki, milliyə çağırılmırsa, o pisləyəcək. Kim ki, çağırılır, o tərifləyəcək. Buna ehtiyac yoxdur. Hamı bilir, Foqtsun millidə gözü götürmədiyi futbolçu mənəm. Bir az söz güləşdirən adamam, əməliyyatlardan sonra ümumiyyətlə əsəbi olmuşam. Ancaq çalışıram ki, belə şeylərlə yox, futbolla qalım. Yeni baş məşqçi azərbaycanlı və ya əcnəbi olursa olsun, təki ölkə futbolunun xeyri üçün çalışsın.

- Sizin düşüncənizə görə, Qurban Qurbanov millini irəli apara bilər?
- “Məncə”, “bizcə” sözləri ədəbiyyatda işlədilir. Ondan konkret soruşulmalıdır ki, bunu edə bilərsən, ya yox. Bunu Allah bilir.

- Yığma bu seçmə mərhələdə az top buraxdı ki, bunda sizin rolunuz danılmazdı. Hamı sizdən legioner karyerası yaşayacağınızı gözləyirdi. Nə oldu?
- Təkliflərim var. Ancaq hazırda sağlam deyiləm. Xarici klublara isə hazır xammal lazımdır. “Bakı” ilə hazırda müqaviləm var. Ancaq xaricdə oynamaq fikrim var.

Səbuhi TOFİQOĞLU