“İcraiyyə Komitəsi üzvlərinin fikirlərini telefonla öyrənəcəyik”
21.11.2013 - 17:12
“İcraiyyə Komitəsi üzvlərinin fikirlərini telefonla öyrənəcəyik”
Ukrayna Futbol Federasiyasının prezidenti Anotoli Konkov milli komandanın baş məşqçisi Mixail Fomenkonun gələcək taleyi ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, assosiasiya rəhbəri təcrübəli çalışdırıcı ilə əməkdaşlığı davam etdirəcəklər.

Ukrayna millisi DÇ-2014-ün pley-off mərhələsində iki görüşün nəticəsində Fransaya uduzaraq (2:0, 0:3) mundiala vəsiqə qazana bilməyib. Lakin Konkov Fomenkonun işindən razı olduqlarını söyləyib: “Nəyə görə parovozun önündə qaçmalıyıq? Gəlin, əvvəlcə Mixail İvanoviçin postunda qalmağa razılıq verib-verməyəcəyini öyrənək. Bu gün uçuş zamanı onunla bu haqda danışmışam. Bir prezident kimi ondan çox razıyam. Düşünürəm ki, heç İcraiyyə Komitəsini toplamağa da gərək olmayacaq. Komitə üzvlərinin fikrini zəng edib öyrənəcəyik. Fomenko onun qarşısında qoyulan tapşırıqları yerinə yetirdi. Biz onunla 1+2 il prinsipi ilə müqavilə bağlamışıq”.

Qeyd edək ki, Anotoli Konkov vaxtilə Bakı “İnter”in baş məşqçisi və vitse-prezidenti postunda çalışıb.