MOİK-in baş məşqçisi cəzalandırıldı, oyunçusu isə əfv edildi
03.12.2013 - 14:08
MOİK-in baş məşqçisi cəzalandırıldı, oyunçusu isə əfv edildi
AFFA İntizam Komitəsi I dəstə ilə bağlı cəzalarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ən maraqlı hadisə XII turun MOİK – “Karvan” matçı ilə bağlıdır.

Belə ki, 3:3 hesabı ilə başa çatan oyunun 86-cı dəqiqəsində MOİK-in futbolçusu Ramil Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Lakin matçın videoyazısını izlədikdə futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyi, hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi Əliyevə göstərilmiş 2-ci sarı vərəqəni ləğv edib.

Ancaq elə həmin dəqiqədə buna etiraz edən MOİK-in baş məşqçisi Namiq Adilovun cəzası bağışlanmayıb. Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb. Ordu klubu çalışdırıcısına görə 100 manat cərimə olunub.

Qeyd edək ki, qarşılaşmanın baş hakimi Ömər Paşayev olub. O, Ramil Əliyevə ilk sarı vərəqəni 47-ci dəqiqədə verib.