Milinko Pantiç: Mənə bəxtdən başqa heç nə lazım deyil
03.12.2013 - 16:02
Milinko Pantiç: Mənə bəxtdən başqa heç nə lazım deyil
“Bu qarşılaşmanın önəmi böyükdü. Təbii, biz də ölkə kubokunda mübarizəni davam etdirmək və növbəti mərhələyə yüksəlmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Sabah ölkə kubokunun 1/8 final mərhələsində “zolaqlılar” doğma meydanda “Sumqayıt”la qarşılaşacaqlar. Oyunöncəsi son məşqini keçirən serbiyalı çalışdırıcı klubunun rəsmi saytına görüş haqda fikirlərini açıqlayıb: “Sumqayıt”ı yaxşı tanıyıram deyə, matçın çətin keçəcəyini indidən düşünürəm. Rəqib komandada müdafiə xəttinə xüsusi fikir verirlər. Necə var, elə də davam edəcəyik. Sadəcə, özümüzə bəxt istəyirəm. Bundan artıq mənə heç nə lazım deyil”.

Pantiç Topaz Premyer Liqasının son turunda “İnter”ə məğlubiyyətdən futbolçuların dərs çıxardığını da deyib: “İnter”lə son oyundan sonra paltardəyişmə otağında vəziyyət normaldı. Futbolçular səhvlərini bilir və onları aradan qaldırmağa çalışırlar. Özünüz də gördüz ki, Premyer Liqada “Xəzər Lənkəran” və “İnter”ə qarşı görüşlərdə hər iki rəqibin qol imkanları olmadı. Yalnız “İnter” səhvimizdən yararlanıb qol vurdu. Bu, o deməkdi ki, bizim pis olmağımıza əsas yoxdu. Üstəlik, son qarşılaşmada qol vursaq da, baş hakim bunu hesaba almadı. Amma futbolun elə xüsusiyyəti var ki, əvvəl haqsız yerə itirdiyini sonra bərpa edirsən”.