“Simurq” “Araz”la oyuna hazırdı
03.12.2013 - 21:58
“Simurq” “Araz”la oyuna hazırdı
Ölkə kubokunun 1/8 final mərhələsində Naxçıvanda "Araz"ın qonağı olacaq “Simurq” bu gün Zaqatala şəhər stadionunda növbəti məşqinə çıxıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, "Qarabağ"la oyundan sonra yetirmələrinə istirahət verməyən məşqçilər korpusu futbolçulara əsasən taktiki və texniki tapşırıqlar veriblər.

Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət təmrinlər yerinə yetirildikdən sonra toplu çalışmalara keçirilib. Futbolçular mövqelərinə görə bölünərək məşqçilər korpusunun tapşırıqlarını yerinə yetiriblər.

Sabah Gəncəyə yollanacaq Zaqatala təmsilçisi ordan təyyarə ilə Naxçıvana yola düşəcək və son məşqini qarşılaşmanın oynanılacağı meydançada edəcək.

Qeyd edək ki, "Araz" - "Simurq" oyunu dekabrın 4-ü saat 14:00-da start götürəcək.