Eder Bonfim: “Xəzər Lənkəran”dan FİFA-ya şikayət edə bilərəm
04.12.2013 - 12:16
Eder Bonfim: “Xəzər Lənkəran”dan FİFA-ya şikayət edə bilərəm
“Styaua”nın heyətində olmadığım üçün çox təəssüflənirəm. Mən orda böyük günah işlətmişdim. Üzləşdiyim problem oyunumla deyil, məhz bununla bağlı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın sabiq futbolçusu Eder Bonfim deyib.

Rumıniya mətbuatına müsahibə verən müdafiəçi “Styaua”da keçirdiyi günləri xatırlayıb. Bir müddət əvvəl içkiyə aludə olmasından əziyyət çəkdiyini söyləyən Eder Buxarest təmsilçisindən də intizamsızlığı, laqeydliyi üzündən qovulub: “Heç klub prezidenti Cici Bekali ilə də aramızda heç nə olmamışdı. Komandada çoxları ondan qorxurdu. Mən isə onun dediklərini bir qulağımdan alıb, digərindən buraxırdım”.

Hazırda “Politexnika” klubunun düşərgəsində məşq edən futbolçu karyerasını bu komandada davam etdirmək istəyir: “Politexnika”ya özümü göstərmək üçün keçirəm. Bu klubla danışıb, xidmətlərimi təklif etdim. Onlar da mənim azad agent olmağımı istədilər. Yenidən bu kluba dönmək istəyirəm”.

“Xəzər Lənkəran”da çıxış etdiyi dövrü də yada salan Eder komandadan ayrılmasının səbəbkarı kimi artıq istefa verən baş məşqçi Con Toşakı görür: “Xəzər Lənkəran”da ilk ilim yaxşı keçdi. Daim oynayırdım. Sonra təxminən yarım il zədədən əziyyət çəkdim. Bundan sonra işim çətinə düşdü. Zədədən sonra fiziki cəhətdən bərpa olunmağım uzun çəkdi. Bu müddətdə Madrid “Real”ında çalışması ilə tanıdığımız Con Toşak baş məşqçi vəzifəsinə təyin olundu. Onunla heç işləyə bilmədik. Məğlubiyyətlərin birindən sonra isə məni qovdular. Hətta 9 ayın pulunu da vermədilər”.

Hayfa “Makkabi”sinə Lənkəranda 0:8 hesablı məğlubiyyətdən sonra komandadan uzaqlaşdırılan Bonfim FİFA-ya şikayət etməyə tələsmir. Çünki azad agent statusu alıb, klub tapmaq onun üçün daha vacibdir: “Mən “Xəzər Lənkəran”dan FİFA-ya şikayət etməmişəm. Lakin qış fasiləsinə qədər bunu edə bilərəm. Bu isə mənim yeni klubuma keçidimdən asılı olacaq. Buna hər hansı problem yaranmasa, şikayət etməyəcəyəm. Çünki “Politexnika”ya keçmək istəyirəm”.