“Xəzər Lənkəran” braziliyalı futbolçunun iddiasına münasibət bildirdi
04.12.2013 - 12:41
“Xəzər Lənkəran” braziliyalı futbolçunun iddiasına münasibət bildirdi
“Eder Bonfim düz danışmır. Komandamızın onun 9 aylıq maaşını vermədiyi mümkün deyil. Futbolçuların əmək haqqını hər ay veririk”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi sabiq futbolçuları Eder Bonfimin Rumıniya mətbuatına verdiyi açıqlamaya münasibət bildirib.

Cəbrayıloğlu 9 aydır maaş almadığını iddia edən braziliyalının dediklərini inandırıcı saymır: “Əvvəla, Eder komandamızdan iyulda, yəni 6 ay əvvəl kənarlaşdırılıb. Digər tərəfdən, onunla bütün məsələlər həll olunub”.

Rumıniyanın “Politexnika” klubuna keçməyə yaxın olan, lakin cənubluların buna problem yaradacağından qorxan Eder anlaşmasının baş tutmayacağı halda FİFA-ya müraciət edəcəyini bildirib. Cəbrayıloğlu isə onun keçidində problemin yaranmayacağını qeyd edib: “Bonfim istədiyi kluba keçə bilər. Onun “Xəzər Lənkəran”la heç bir bağlılığı qalmayıb”.

Qeyd edək ki, Bonfim Avropa Liqasının II təsnifat mərhələsindən sonra “Xəzər Lənkəran”dan kənarlaşdırılmışdı.