“Qol sevincimi Sadıq Sadıqovla bölüşmək istəyirdim” - MÜSAHİBƏ
16.12.2013 - 12:29
“Qol sevincimi Sadıq Sadıqovla bölüşmək istəyirdim” - MÜSAHİBƏ
XVII turun “Neftçi” – “Qəbələ” oyunundan sonra Mahir Şükürov jurnalistlərə müsahibə verib. Milli komandamızın və “Neftçi”nin futbolçusu apasport.az saytının da suallarını cavablandırıb.

- “Qəbələ” ilə gərgin keçən oyunda qələbə qazandınız. Qarşılaşma barədə ümumi fikirləriniz necədir?
- “Qəbələ” yaxşı komandadır. Hücumları çox təhlükəlidir. Ona görə də bu oyuna ciddi yanaşırdıq. Düzdür, mən 2 gün məşq etməmişdim, zədəm vardı. Ancaq son 2 gün komanda ilə hazırlıq keçmişdim. “Qəbələ” ilə oyuna yaxşı köklənmişdim. Bugünkü qarşılaşma ağır olsa da, maraqlı keçdi. Oyun sürətli idi, hər 2 komanda hücum qururdu. Kim güclü idisə, o da qələbə qazandı.

- Qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə cərimə zərbəsindən vurduğunuz qolla komandanıza qələbə qazandırdınız. Bu qol haqqında nə deyə bilərsiniz?
- Bu yöndə məşqlərdə öz üzərimdə işləyirəm. Millidə Şimali İrlandiyaya da son saniyələrdə belə qol vurmuşdum. İnanırdım ki, bu dəfə də rəqib qapısına fərqlənəcəyəm. Oyundan qabaq demişdim ki, birini Araz Abdullayev, birini isə mən vuracağam. Birinci özümün, sonra isə Arazın qol vuracağını demişdim. Ancaq tərsinə oldu.

- Amit Quluzadə ilə nəyi bölüşə bilmirdiniz?
- Heç nə. Cərimə zərbəsi təyin olunur, topu əlinə götürüb vaxt uzadır. Gəncsən, başını sal, oyununu oyna. Sən elə şeylərə gərək fikir verməyəsən. Başqa heç nə. Aramızda ciddi mübahisə olmadı.

- Demək olar ki, hər oyunda kiminləsə mübahisə edirsiniz. Bu nə ilə bağlıdır?
- Bilirsiniz, mübahisə necə olur? Futbolçusan, hesab 1:1 olur, istər-istəməz özünü saxlaya bilmirsən...

- Bundan sonra mübahisə etdiyiniz oyunçulara qarşı kin qalmır ki?
- Yox e, nə kin qala bilər? Hamımız azərbaycanlı futbolçularıq. Meydanda nə olursa, elə orda da qalır. Kənara çıxdım, hamıya eyni gözlə baxıram.

- “Qəbələ”dən bir az problemli ayrılmışdınız. Qol sevincini də sanki acıq çıxırmış kimi yaşadınız...
- Ordan problemli ayrılmamışdım. Futbolçuyuq da, ordan ayrılmalı oldum. Sözüm açığı, “Qəbələ”dən özüm getdim. Bu onlara qarşı kindən irəli gəlmirdi. Sadəcə, 90-cı dəqiqədə qələbə topunu vuranda, sevincin yüksək səviyyədə olur.

- Çox maraqlıdır ki, qol vurduqdan sonra sevincinizi “Qəbələ”nin ehtiyat oyunçular skamyası tərəfdə qeyd etdiniz...
- Yox, ora tərəf getməmişdim. Bizim klub prezidenti Sadıq Sadıqov tribunda oturmuşdu. Sadəcə olaraq, istəyirdim ki, qol sevincimi onunla da bölüşüm. Oyundan sonra da Sadıq müəllimə yaxınlaşıb qolu ona həsr etdiyimi bildirdim.

- “Neftçi” yenidən lider kürsüsünə əyləşdi...
- Ötən turku oyundan sonra jurnalistlər məndən soruşurdular ki, demək olar, "Qarabağ" qış çempionudu? Dedim ki, hələ tələsmək olmaz. Biz “Qarabağ”ı irəli buraxırıq, sonra yenidən gəlib onları keçirik. Əsas may ayıdır. Bu ayı gözləyək.

- Deyəsən zədəniz var. “Qəbələ” ilə oyundan öncəki zədədir?
- Yox. Sol ayağımın baş barmağının dırnağı qaralıb. Həkim yanına gedəcəyəm. Barmağım şişib. Ola bilər ki, dırnağımı çıxartsınlar.

Səbuhi TOFİQOĞLU