“Neftçi” klubunun gizli qoşalüləsi
16.12.2013 - 13:06
“Neftçi” klubunun gizli qoşalüləsi
Topaz Premyer Liqasında mövsümün ən məhsuldar müdafiəçilərinin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempionatın arxada qalan 17 turundan sonra yalnız 2 arxa xətt futbolçusu 2-dən artıq qol vurmağı bacarıb.

Bunlar hərəyə 3 dəfə fərqlənən Mahir Şükürovla 4 qolun müəllifi olan Karlos Kardosodur.

Bu müdafiəçilər “Neftçi”nin birinci pilləyə qalxmasına 7 qolla pay sahibi olublar. Rəqibləri çempionun hücumçularından ehtiyatlandığı bir vaxtda bakılıların gizli silahına çevrilən müdafiəçilər bu ampluada çıxış edən bütün oyunçuları da arxada qoyub. Hətta çempionatın bəzi hücumçu və yarımmüdafiəçiləri də onlara həsəd apara bilər. Mahirlə Karlos “Rəvan”la “Sumqayıt”da oynasaydı, komandasının bombardiri olardı.

“Neftçi”nin daha bir arxa xətt oyunçusu – dayaq yarımmüdafiəçisi Erik Ramosun da 2 qol vurduğunu nəzərə alsaq, bu trio “Sumqayıt”dan çox, “Rəvan”la eyni qədər qol sevinci yaşayıb.

Premyer Liqanın liderinin bombardir müdafiəçilərinin qolları da kifayət qədər dəyərli olub. Mahir 2 dəfə komandasının uduzduğu oyunda bərabərlik qoluna imza atmaqla, qələbə qazanılmasının təməlini qoyub. Buna IX turun “Qəbələ” ilə səfər və XII turun “Xəzər Lənkəran”la ev matçlarında təsadüf olunub. Hər 2 qarşılaşmada 0:1 hesabı ilə geridə olan “Neftçi”nin penalti zərbəsini yerinə yetirən Mahir əvvəl 2:1, sonra 4:1 hesablı qələbədə pay sahibi olub.

Bütün qollarını əvvəllər oynadığı klublara vuran müdafiəçi “Neftçi”dən əvvəl şərəfini qoruduğu “Qəbələ” ilə 2-ci dueldə də 2:1 hesablı qələbədə pay sahibi oldu. Bu dəfə penalti deyil, cərimə zərbəsindən dəqiq olan arxa xətt oyunçusu qələbə topunu vurdu.

Karlos Kardoso isə “İnter”lə hər iki qarşılaşmada fərqlənib. Braziliyalı VI turun ev oyununda (3:1) 2-ci topu vurmaqla, rəqibin müqavimətini qırıb. XIV turun səfər matçında eyni hesabla uduzan “ağ-qaralar”ın yeganə qoluna imza atan cənubi amerikalı matçda hesabı bərabərləşdirmişdi. Sonra ardıcıl daha 2 oyunda fərqlənən cənubi amerikalı XV turun “Sumqayıt”la qarşılaşmasında (2:1) hesabı açıb, ardınca isə “Qarabağ”la görüşdə (1:3) rəqib qapısına yol tapıb.