Ruslan Abışov ən yaxşı futbolçunun adını çəkdi
17.12.2013 - 11:42
Ruslan Abışov ən yaxşı futbolçunun adını çəkdi
“Kimin ilin futbolçusu seçiləcəyi haqda bir söz deyə bilmərəm”. Bunu apasport.az saytına millimizin və “Rubin”in futbolçusu Ruslan Abışov deyib.

Bu gün “Hilton” otelində milli komandalarda ilin futbolçularının mükafatlandırılması mərasimi keçiriləcək. AFFA-nın təşkil etdiyi mərasimdə əsas yığmanın ən yaxşı futbolçusu da mükafatlandırılacaq. Tədbirdə iştirak edəcək Ruslan Abışov da “ilin futbolçusu” nominasiyasında qalib olmağa namizədlərdən biridir. Bəs görəsən, Abışov kimin bu ada layiq olduğunu düşünür?

“Mən Mahir Şükürovu qalib kimi görürəm. Çünki bu mövsüm çox yaxşı oyunlar keçirib. Yığmada qol ötürmələri verib və qollar vurub. Bir sözlə, mövsüm onun üçün uğurlu keçib. Üstəlik, Mahir “Neftçi” ilə çempion oldu və ölkə kubokunu qazandı. Düzdür, qalib olmaq üçün bu nəticələr yığmanın nəticələrinə aid edilmir. Ancaq hər halda, Mahir qalib olmağa daha çox layiqdir” – deyə, Abışov bildirib.

“Sivasspor”da daha az oynamaq şansı qazanan Cihan Özkaranı saymasaq, Ruslan Abışovdan başqa, əsas millidə elitar xarici klublarda çıxış edən azərbaycanlı futbolçu yoxdur. Bununla belə, Abışov özünün bu nominasiyada qalib olmamasına təəssüflənməyəcəyini bildirdi: “Mən ötən il qalib olmağa daha layiq idim. Bu il isə kim səs versə, ona öz təşəkkürümü bildirəcəyəm. Qalib olmasam da, heç bir problem yoxdur”.

Qeyd edək ki, Ruslan Abışov artıq bir dəfə “ilin futbolçusu” seçilib. O, 2010/11 mövsümündə isə PFL tərəfindən “ən yaxşı müdafiəçi” adına layiq görülüb.

Səbuhi TOFİQOĞLU