“Bizə güclü məşqçi lazım idi”
18.12.2013 - 00:00
“Bizə güclü məşqçi lazım idi”
Azərbaycan yığmasında 2013-cü ildə ən çox oyun keçirən “Xəzər Lənkəran”ın mərkəz müdafiəçisi Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi

- Saytımızda sizin millidə bu il ən çox oyun keçirən futbolçu olduğunuz xəbər verilmişdi. Yəqin ki, bu üzdən qalib olacağınızı öncədən bilirdiniz.
- Bəli, təxminən bilirdim. Tədbirdən əvvəl qulağıma müəyyən söz-söhbət çatmışdı. Ancaq konkret hansı nominasiya üzrə fərqləndiyimi bilmirdim. Bir qədər sürpriz oldu. Millinin heyətində yer almaq, il ərzində hamıdan çox oyun keçirmək sevindirici haldır. Buna qısa vaxtda nail oldum. Sevincliyəm. Komanda yoldaşlarıma təşəkkür edirəm.

- İlk dəfə belə titula sahib çıxmaq necə hisslərdir?
- Sevindirici haldır. Buna çox sevinirəm. Az bir zamanda milliyə cəlb olundum və belə bir mükafata sahib çıxdım. İnşallah, çalışacağam ki, bundan da böyük uğurlara sahib çıxım. Bu titul klub karyeramda da əlavə motivasiya formalaşdıracaq.

- Başa çatmaq üzrə olan ili necə dəyərləndirərdiniz?
- Çox da pis keçmədi. Düzdür, klubda uğursuzluq oldu. Mövsümə yaxşı başlamadıq. Amma baş məşqçi postunda dəyişiklik edildi. Düşünürəm ki, yeni çalışdırıcı komandanı yüksək yerlərə qaldıracaq.

- Bu il müsbət mənada yadda qalan günlər də oldu. Bu baxımdan nələri qeyd edə bilərsiniz?
- Superkuboku qazandıq. İndiyə qədər belə titul qazanmamışdıq. Sevindirici cəhətdir ki, həmin oyunda qələbə topunun müəllifi oldum.

- Bəs şəxsi həyatınızda nə dəyişdi?
- Heç nə. Hər şey öz qaydasında davam etdir.

- İl ilan üstdə idi. Ötən ilin sonunda hamı bu ildən çəkinirdi. Çünki ilan istənilən an insana xətər yetirəcək heyvandır. Amma il sakit məcrada keçdi...
- Belə şeylərə fikir vermirəm. Bürclərə inanmıram.

- Yeni il at üstdə təhvil olacaq. Necə düşünürsüz, insanlar da vəfalı olacaqmı?
- Nə bilim, bunu zaman göstərəcək. Yenə deyirəm, bu cür deyimlərə inanmıram. Bu, rəmzi bir şeydir.

- Başa çatan ildə yığmamız necə çıxış etdi?
- Mənim üçün uğurlu alındı. Bütün oyunlarda meydana çıxdım. Bu hər bir futbolçunun arzusudur.

- Deyəsən, yalnız Rusiya ilə matçı buraxmalı oldunuz?
- Sadəcə, ruslara qarşı oynamadım. Bu da sarı vərəqə cəzalısı olmağımdan irəli gəlirdi.

- Amma milli bundan da artığını bacara bilərdi. Nə mane oldu?
- Razılaşıram. Evdə İsraillə, eləcə də Lüksemburqla oyunlarda lazımsız xallar itirdik. Yeni seçmə mərhələdə qrupdan çıxmaq uğrunda mübarizə aparmağa çalışacağıq.

- 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin reqlamenti dəyişib. Bu dəfə 16 yox, 24 komanda həlledici mərhələyə vəsiqə qazanacaq. Bu baxımdan 3-cü yeri tutub pley-off oyunlarına qatılmağımız mümkündürmü?
- Buna inanıram. Birləşib, vahid komanda şəklində çalışsaq, hər şeyə nail olmaq mümkündür.

- Hansı komandalarla bir qrupda yer almağımızı istərdiniz?
- Qrupumuza düşən zəif rəqiblərin sayı nə qədər çox olsa, bir o qədər xeyrimizə olar. Belə olsa, şansımız da çox olar.

- Adətən texnikalı futbola üstünlük verən komandalara qarşı oynamaqda çətinlik çəkirik. Portuqaliya, İspaniya, Hollandiya kimi yığmaları nəzərdə tuturuq...
- Onlara qarşı oynamaq çətindir. Nisbətən zəif rəqiblər olsa, yaxşıdır.

- “Xəzər Lənkəran”la bağlı nə deyə bilərsiniz? Klubda hamı deyəsən, ümidini ölkə kubokunu qazanmağa bağlayıb?
- Çempionatdan əlimizi üzməmişik. Hamı inanır. Məqsədimiz ilk “üçlüy”ə düşməkdir. Komanda yaxşı vəziyyətdədir. Sadəcə, bizə güclü məşqçi lazım idi ki, o da artıq gəlib.

- Con Toşakın komandasının oyunu ilə Mustafa Dənizlininki arasında fərq hiss olunurmu?
- Fərq hiss olunur. Çünki 1 həftə ərzində hər bir məşqçi oyunda köklü dəyişiklik edə bilməz. Buna bir az vaxt lazımdır. Yəqin ki, qış fasiləsindən sonra oyun baxımından buna nail olarıq.

- Ancaq hələlik məğlub olmamısınız...
- Məğlub olmamaqla yanaşı, qapımızdan qol da buraxmamışıq. İnşallah, “Sumqayıt”la matça hazırlaşırıq. Yəqin ki, ardıcıl 2-ci oyunda qələbə qazanarıq.