Foqts qaldı, köməkçiləri dəyişdi
18.12.2013 - 11:50
Foqts qaldı, köməkçiləri dəyişdi
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirib. Apasport.az saytının məlumatına görə, saat 10:30-da başlayan toplantının gündəliyində duran əsas məqam Azərbaycan millisinin baş məşqçisi məsələsinin müzakirəsi olub.

Nəticədə, Berti Foqtsla yeni 2 illik müqavilə imzalanmasına qərar verilib. Komitə üzvləri onun köməkçilərini də təsdiqləyib.

Millinin sabiq üzvləri Mahmud Qurbanov və Aslan Kərimov Foqtsun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Sonuncu artıq bir müddətdir yığmada çalışırsa, “Kəpəz” Topaz Premyer Liqanı tərk etdikdən sonra işsiz qalan Qurbanov millinin məşqçiləri sırasına yeni daxil olub.

Yeni anlaşmada almaniyalı mütəxəssisin Azərbaycanda daha çox vaxt keçirməsini təmin edən şərt də var. Belə ki, müqaviləyə əsasən Foqts ayın ən azı 21 gününü ölkəmizdə keçirməlidir.

Bundan başqa, UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunmasına da baxılıb.

Komitə üzvləri AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirə edib, həmçinin digər məsələlərə də nəzər yetirilib.