Hafiz Məmmədov: Bu, Avropa fəlsəfəsidir
19.12.2013 - 12:17
Hafiz Məmmədov: Bu, Avropa fəlsəfəsidir
“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun apasport.az saytına müsahibəsi

- Öncə İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərarlarla bağlı fikirlərinizi bilmək istərdik...
- Səmərəli qərarlar qəbul edildi. Xüsusilə, yığmanın baş məşqçisi Berti Foqtsun postunda qalıb, fəaliyyətini davam etdirməsinə hamı səs verdi. Foqts çox ciddi məşqçidir, Azərbaycan futbolu üçün böyük addır. Yığmamızın başında durması, futbolumuzun bir çox yerdə tanınması deməkdir. Böyük təcrübəyə malikdir. Son vaxtlar futbolçularımızın səviyyəsinin artdığını hamı görür. Artıq futbolçular potensiallarını ortaya qoyurlar. Bu da Foqtsun işinin yaxşı getməsindən xəbər verir. İndi futbolçuları tanıyır, psixologiyasını bilir, kimin “ulduz xəstəliyi”nə tutulmaq ehtimalı var, hansı oyunçunun texnikası güclüdür və s. kimi məsələləri özü üçün müəyyənləşdirib. Mən Berti Foqtsa canla-başla səs verdim.

- Foqtsun qarşısına hansı tələblər qoyuldu?
- Müəyyən tələblər qoyuldu, əlavə yeniliklər də oldu. Foqts özü də deyir ki, 9 xalla kifayətlənmək istəmir. Lakin elə futbolçular var ki, bu da kifayətdir deyib, dayanırlar. Çox sevinirəm ki, Rövnəq müəllim kimi (AFFA prezidenti Rövnəq Abdullayevi nəzərdə tutur – red) prezidentimiz var. O, indidən 2020-ni düşünür. Bu, çox gözəl şeydir. Foqts indi ölkəmizdə daha çox qalacaq, klub məşqçiləri ilə görüşəcək. Son oyunlar onu göstərdi ki, uşaqlar klublarda açılışıblar və yığmada daha yaxşı oyun göstərir, nəticə əldə edirlər. Yaxşı nəticələr bundan sonra da qazanılacaq. Bu baxımdan ondan xahişimiz və tələbimiz o oldu ki, Azərbaycanda daha çox qalsın, klublara qaynayıb-qarışsın. Mətbuat vasitəsilə Foqtsa müraciət edirəm ki, tək əsas yığmaya deyil, uşaq futboluna da diqqət yetirsin. Özü, köməkçiləri oyunları izləsinlər. Bu gün xaricə göndərməyə uşaq axtarırıq. Klubumuzda olanları seçirik. Digər komandalarda olanları bir peşəkar kimi Foqts təsbit edə bilər. Bir məsələni də qeyd edim: Jan Pyer Papen belə bir təklif irəli sürüb ki, gərək uşaq komandalarının oyunu da əsas heyətlə eyni gündə keçirilsin. Uşaqlar böyüklərin nə etdiyini, necə oynadığını izləməlidir. Bu, Avropa fəlsəfəsidir. Foqtsda da bu fəlsəfə var. Fikrimcə, 3-4 ildən sonra hamı Bertini yığmanın gözəl nəticələri münasibəti ilə təbrik edəcək.

- Uşaq futbolu ilə bağlı qəbul edilən qərarlar haqda nə deyə bilərsiz?
- Bir klub olaraq, biz artıq bu işi başlamışıq. İdarə Heyətinin formalaşdırılması baxımından da işlər görülüb. Bəlkə də İdarə Heyətimizi ən peşəkar səviyyədə formalaşdırmışıq. Hətta adlarını da açıqlaya bilərəm. Jan-Pyer Papen, Madrid “Atletiko”sunun marketinq idarəsinin rəisi kimi təcrübəli bir mütəxəssis bura daxildir. Qanunlar icazə vermir, yoxsa biz bura veteran futbolçumuz İsgəndər Cavadovu da daxil etmək istərdik. Ancaq bir klubdan iki nəfər İcraiyyə Komitəsində yer ala bilməz deyə, bunu həyata keçirə bilməmişik. Ona görə də öz klubumuzun veteranlarından birini bura daxil edəcəyik. İdarə Heyətimiz fəaliyyət göstərməyə tam hazırdır. Məni daha çox uşaq futbolu narahat edir. 5 nəfəri “Atletiko”ya göndərmişik. İndi daha 5 nəfəri də “Lans”ın düşərgəsinə yollayacağıq. Ancaq hər iki klub daha çox uşaq qəbul etməyə hazırdırlar. Bir şərtlə ki, perspektivli olsunlar. Bu gün qərar qəbul etdik ki, hər klub 1-2 nəfər uşaq versinlər. İnandırım sizi, həmin uşaqlar Avropa meydanlarında ölkəmizi təmsil edəcəklər və milli komandalarımızın üzvləri olacaqlar. Gözəl oyunları ilə seçiləcəklər. Onlar xaricdə futbol təhsili almış bacarıqlı, ağıllı oyunçular olacaqlar.

- Fiziki hazırlıq futbolumuzun bəlalı yerlərindən biridir. İcraiyyə Komitəsinin qərarı ilə artıq bütün klublarda fiziki hazırlıq üzrə məşqçi olacaq. Bu, fiziki baxımdan daha yaxşı hazırlığa nail olacağımıza zəmanət verirmi?
- İcraiyyə Komitəsinin üzvü olmaqla yanaşı, həm də klub rəhbəriyəm. Bizim klubda fiziki hazırlıqla bağlı problem, bəla yoxdur. Sadəcə, bu istəyi görüb, səs verdim. Fiziki hazırlıq vacibdir. Sovet dövründən qalma bir bəlamız var idi, 60-cı dəqiqədən sonra uşaqlar dayanırdı. İndi baxın, “Bakı”nın oyunçularına, görün necə qaçırlar. Uduzsalar belə, 90 dəqiqə qaçırlar. Digər yandan, əvvəllər yığmanın üzvləri zədəli dönürdülər. Zədə elədir ki, onu məşq prosesində də ala bilərsən. Bir misal çəkim: Türkiyə yığması Qus Hiddinkin rəhbərliyi altında ölkəmizə gələndə məşq prosesini “Bakı”nın bazasında keçməli idi. Meydança bir az kələ-kötür idi. O, meydançaya baxdıqdan sonra burada məşq etməyəcəm, çünki futbolçularım zədə ala bilər, dedi. Hər şeyə diqqət yetirmək lazımdır. Çünki futbolçu zədə aldıqdan sonra klubda 3-4 ay oynamır. Millinin özünə yaxşı fiziki hazırlıq məşqçisi dəvət etmək lazımdır. O, klublardakı fiziki hazırlıq üzrə məşqçilərlə sıx əlaqədə işləməlidir.