“Dənizlinin işlədiyi istənilən yerdə çalışaram” - MÜSAHİBƏ
19.12.2013 - 15:43
“Dənizlinin işlədiyi istənilən yerdə çalışaram” - MÜSAHİBƏ
Türkiyənin “Dənizlispor” klubundan istefa verən və “Xəzər Lənkəran”a köməkçi məşqçi qismində gələcəyi iddia olunan Yusuf Şimşəyin apasport.az saytına müsahibəsi

- İstefanızdan sonra açıqlamanızda Mustafa Dənizlinin sizin “Dənizlispor”da işləməyinizi istəmədiyini, ölkə xaricinə gedərkən isə yenidən sizi yanına çağırdığını bildirmisiniz. Bu fikirlərə geniş aydınlıq gətirərdiniz...
- Dənizli mənə heç bir təklif göndərməyib. Sadəcə, “Xəzər Lənkəran”la anlaşan zaman demişdi ki, boş olsaydın, bərabər işləyərdik. Yəni, işlədiyim vaxt mənə təklif göndərməz. O, elə adam deyil.

- Hazırda işsiz olduğunuzdan “Xəzər Lənkəran”a gəlişiniz baş tuta bilər?
- Xeyr.

- “Çaykur Rizəspor”da Dənizlinin köməkçisi oldunuz. İndi də sizin və İbrahim Üzülməzin onunla bir yerdə işləyəcəyiniz haqda söz-söhbətlər yayılıb...
- Vallah, mənimlə bağlı belə bir şey yoxdur. İbrahimlə həmişə söhbətimiz olur. Ancaq Mustafa hocanın İbo ilə bağlı düşüncələrinin necə olduğunu bilmirəm. Onsuz da Mustafa Dənizli Türkiyəyə çempionatın son oyunundan sonra gələcək. Şənbə günü Türkiyəyə qayıtmalıdır. Bu arada “Xəzər Lənkəran” kiminlə və saat neçədə oynayacaq?

- Sabah, Bakı vaxtı ilə saat 15:00-da “Sumqayıt”la.
- Bu komanda neçənci sıradadır?

- Sonuncu pillədə.
- İnşallah, qalib gələrlər.

- “Dənizlispor”dan ayrıldıqdan sonra Dənizli ilə söhbətiniz olubmu?
- Xeyr.

- Təklif gələrsə, qəbul edəcəksiniz?
- Vallah, bunu Mustafa hoca bilir. Bizi istəyərsə, sevə-sevə gedərik. Hocamızın işlədiyi istənilən yerdə çalışarıq.

- Dənizli “Xəzər Lənkəran”a gedərkən bu klub haqqında məlumatlarınız vardı?
- Harda yerləşdiklərindən xəbərim var. Turnir cədvəlində hansı pillədə olduqlarını da bilirdim. Ölkənizdə dostlarım da var. Azərbaycanda idman məktəblərində işləyirlər.

- Burda “Qalatasaray”ın futbol məktəbi var. Orda işləyir?
- Vallah, ya “Qalatasaray”dır, ya da “Fənərbaxça”, dəqiq bilmirəm.

- Bəlkə “Antalyaspor”un futbol məktəbini deyirsiz...
- Bəli, orda Hakan adlı dostum işləyir. Ona görə də Azərbaycan mənə yad ölkə deyil.

- “Dənizlispor”da işlədiyiniz vaxt Arif İsayev və Saşa Yunisoğlu futbolçularınız olub. Onlar haqqında nə deyə bilərsiniz?
- Arifin getməsini mən istəmirdim. Ancaq xəstəliyi olduğu üçün yollarımızı ayırmalı olduq. Yoxsa biz Ariflə yaxşı dost idik. Ancaq Saşa “Dənizlispor”da karyerasını davam etdirir.

- Pul problemi olan yerdə futbolçunu, xüsusən də xarici vətəndaşlığı olan oyunçunu komandada saxlamaq çətin olur. Saşanın qışda klubdan ayrılması gündəmdədir?
- Pul problemləri var. Mən məhz buna görə komandadan istefa verdim. Ancaq Saşanın ordan ayrılacağını zənn etmirəm. Onun “Dənizlispor”da karyerasını davam etdirməsi lazımdır. Ən azından mövsümün başa çatmasını gözləməlidir. Mən “Dənizlispor”dan ayrılmasaydım, onun komandada qalmasını istəyərdim. İnşallah, karyerasını orda davam etdirər.

Səbuhi TOFİQOĞLU