Azərbaycan millisi Fransa ilə qarşılaşa bilər
20.12.2013 - 09:16
Azərbaycan millisi Fransa ilə qarşılaşa bilər
Azərbaycan millisi Fransa ilə yoldaşlıq oyunu keçirə bilər. Apasport.az saytının məlumatına görə, buna UEFA-nın qərarı səbəb olub.

Qurumun yeni qərarına əsasən, AVRO-2016-nın seçmə mərhələsindən azad olan fransalılar 5 komandalı qrupda yer alan bütün yığmalarla qarşılaşmalıdır. Qitənin 53 millisi gələn il fevralın 23-də baş tutacaq püşkdə səkkizində 6, birində 5 komanda olan seçmə qruplarına bölünəcək. Sonuncu qrupda yer alanlar digərlərindən fərqli, 10 deyil, 8 matç keçirməlidi. Həm onların oyun sayını artırmaq, həm də Fransa millisinin oyun təcrübəsi qazanmasını təmin etmək üçün belə addım atılıb.

Bu da o deməkdir ki, Azərbaycan millisi 5 komandalı qrupa düşərsə, Fransa ilə 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Püşk zamanı 5-ci səbətdə yer almağımız belə deməyə əsas verir. Çünki yalnız 6-cı səbətdə yer alan 8 millinin 5 komandalı qrupa düşməsi mümkün deyil. Berti Foqtsun yetirmələrinin az komandalı qrupa düşməsi isə 2 nəhəngin ölkəmizə gəlməsinə səbəb ola bilər. 1-ci səbətdən yığmamızın bəxtinə düşəcək rəqibdən başqa, Fransa ilə də görüşmək mümkündür.

Qeyd edək ki, əvvəllər dünya və qitə çempionatlarının final mərhələsini qəbul edən komandalar yoxlama oyunu keçirməkdə azad seçimə malik idi.