Xaqani Məmmədov sirri açmadı: Onlardan ikisi kənarda qalacaq
20.12.2013 - 14:43
Xaqani Məmmədov sirri açmadı: Onlardan ikisi kənarda qalacaq
“UEFA Hakimlər Komitəsi hər 6 aydan bir kateqoriyaları müəyyənləşdirir. Əliyar Ağayev bu il qitə futbol qurumunun bayrağı altına idarə etdiyi oyunlardan yüksək qiymət alıb. Onun II kateqoriyaya yüksələcəyi gözlənilən idi”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

UEFA 2013/2014-cü il mövsümünün ikinci yarısı üçün FİFA referisi Əliyar Ağayev ikinci kateqoriyaya daxil edilib. Məmmədov bunun yaxşı nailiyyət olduğunu ifadə edib: “Bizim 2 hakimimiz – Əliyar Ağayevlə Anar Salmanov II kateqoriyaya daxildilər. Müqayisə üçün deyim ki, nə Ermənistanın, nə Gürcüstanın bu kateqoriyaya düşən hakimi yoxdur”.

Komitə sədri ötən mövsüm Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk görüşü çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” (2:1) oyununda yol verdiyi səhvlərə görə cəzalanan Anar Salmanovun Premyer Liqa matçlarına təyinatının mümkünlündən də söz açıb. O bildirib ki, bunu zaman göstərəcək: “Hər şey Anar Salmanovun özündən asılıdır. Hələlik I divizionda idarəçilik edir. Lakin məsələ təkcə yaxşı oyun idarə etməklə bitmir. Biz hər şeyi nəzərə alırıq. Əmin olmalıyıq ki, gələcəkdə analoji səhvə yol verməyəcək”.

2014-cü il üçün FİFA hakimlərinin siyahısı təsdiqlənmək ərəfəsindədir. Yaxın vaxtlarda bu kateqoriyaya daxil olacaq 3 referimizin adına aydınlıq gələcək. Artıq onların kimliyi ilə bağlı müəyyən ehtimallar da səsləndirilir. Lakin Xaqani bəy bunun onun özü üçün də sirr olduğunu söyləyib: “Kim nə yazır, nə deyir bilmirəm. İnanın, həmin 3 hakimin kimliyindən xəbərsizəm. FİFA açıqlayanda hamımız biləcəyik. Biz 5 nəfərin adını göndərmişik. Bu isə o deməkdir ki, onlardan 2-si kənarda qalacaq”.

Əksər klublarımız kimi, hakimlərimiz də qış fasiləsində Türkiyəyə yollanacaqlar. Məmmədov Antalya təxminən, 38-40 hakim aparacaqlarını bildirib: “Qış toplanışı yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq. “Miracle” otelində məskunlaşacağıq. Premyer Liqa və I divizion oyunlarını idarə edən 38-40 hakimi hazırlıq prosesinə cəlb edəcəyik. Hakimləri yerli deyil, əsasən xarici klubların matçlarında sınayacağıq. Bizə lazımdı ki, onları müxtəlif məktəblərin komandalarının oyunlarında iş başında görək”.