“Qoldan sonra əks-hücum taktikası ilə oynadıq”
20.12.2013 - 16:06
“Qoldan sonra əks-hücum taktikası ilə oynadıq”
“Öz oyunçularımı və klubun rəhbərliyini təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı məşqçi “Qəbələ” – “Bakı” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında qazandıqları qələbəni şərh edib. Təcrübəli məşqçi qol vurduqdan sonra əks-hücumda oynadıqlarını etiraf edib: “Bəzi hallarda oyunumuz yaxşı alınmırdı. Əsas olan komandamın ürəkdən oynaması idi. Bu gün güclü komandaya qalib gəldik. “Bakı” ötən tur “Qarabağ”ı məğlub etmişdi. Son turdakı məğlubiyyətdən sonra qələbə qazandıq. Oyunu 2 fərqli hissəyə bölmək olar. İlk hissədə qol vurana qədər üstünlük bizdə idi. Qol vurduqdan sonra isə əks-hücum taktikası ilə oynadıq”.

Qeyd edək ki, bu qələbə ilə “Qəbələ” müvəqqəti də olsa da, turnir cədvəlində ilk sıraya yüksəlib.