“Qırmızı vərəqələri haqlı sayıram”
20.12.2013 - 18:54
“Qırmızı vərəqələri haqlı sayıram”
Topaz Premyer Liqasının XVIII turu çərçivəsində baş tutan AZAL – “Neftçi” görüşü meydan sahiblərinin 2:1 hesablı zəfəri ilə başa çatdı. Apasport.az saytının məlumatına görə, oyundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Vaqif Sadıqov layiqli qələbə qazandıqları söyləyib.

Sadıqov bildirib ki, tarixi qələbə qazanıblar: “Neftçi”yə qarşı uğurlu nəticələrimiz yox idi. İkinci dəfədir ki, komanda oyuna fərqli taktika ilə çıxır. Simurq”la oyunda ağır məğlubiyyət aldıq. Bugünkü oyunda isə rəqibə təzyiq etdik, üstün cəhətlərini göstərməyə imkan vermədik. Cinahları dəyişməklə
qələbə qolunu vurmaq istəyirdik. Oyunun sonlarına yaxın bunu Şemonayev həyata keçirdi. Azarkeşlərimizi qələbə ilə təbrik edirəm”.

Təcrübəli mütəxəssis AZAL-ın çalışdırmağına baxmayaraq, “Neftçi”yə azarkeşlik etdiyini söyləyib: “AZAL-da komanda ruhu var, qələbəyə köklənmişdik, rəqibdən çəkinmədik. Qış fasiləsində çatışmazlıqlar üzərində işləyəcəyik. Çempionatda zəif rəqib yoxdur, çempionatın inkişafı göz qabağındadır. İnanıram ki, gələcəkdə AZAL-dan da milli komandaya futbolçular dəvət olunacaq. Yaşıl meydanlardan kənarda həmişə “Neftçi”yə azarkeşlik edirəm, AZAL-ın baş məşqçisi kimi isə komandamın qələbəsi üçün çalışıram. Hakimin verdiyi qırmızı vərəqələri haqlı sayıram. Bu heyətimizi qoruyub saxlamağa çalışacağıq”.