Mövsümdə 3-cü dəfə
21.12.2013 - 10:49
Mövsümdə 3-cü dəfə
Topaz Premyer Liqasının 2013/14 mövsümündə 3-cü dəfə bir komanda matçı 9 nəfərlə başa vurub. Apasport.az saytının məlumatına görə, AZAL-ın qonağı olan “Neftçi” Mahir Şükürovun 80-ci, Elvin Yunuszadənin 83-cü dəqiqədə meydandan qovulması üzündən qarşılaşmanı rəqibindən 2 nəfər az olan heyətlə keçirib. 7 dəqiqə 2 oyunçuluq say üstünlüyü qazanan “təyyarəçilər” da bundan yararlanıb – 2:1.

AZAL artıq 2-ci dəfədir belə böyük say üstünlüyü qazanır. Avqustun 23-də “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edəndə də Vaqif Sadıqovun yetirmələri 9 nəfərə qarşı oynayırdı. Həmin vaxt Kərim Diniyev 54-cü, Məhəmməd Mirzəbəyov 73-cü dəqiqədə qovulduğundan qonaqlar 17 dəqiqə 9 nəfərlə qalmışdı.

Avqustun 31-də “Neftçi”ni qəbul edən “Bakı”nın işi daha çətin olub. Paytaxtın eyniadlı təmsilçisi 41 dəqiqə 9 nəfərlə “11-liy”ə qarşı oynayıb. Buna Cavid Hüseynovun 48-ci, Aqil Məmmədovun 49-cu dəqiqədə qırmızı vərəqə alması səbəb olub. Lakin “Bakı” azlıqda da rəqibindən güclü olub – 3:0.