Kəriminin komandası səfərdə 1 xal qazandı
22.12.2013 - 19:52
Kəriminin komandası səfərdə 1 xal qazandı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında XVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı qapıçı Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor” bu gün növbəti matçına çıxıb.

Həmyerlimizin komandası səfərdə “Boluspor”la üz-üzə gəlib. Görüş tərəflərin 1:1 hesablı heç-heçəsi ilə başa çatıb. Kərimi “Əskişəhərspor”la kubok matçında olduğu kimi oyunun iştirak ərizəsində yer alsa da, meydana çıxa bilməyib.

Milli komandamızın sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” cari mövsüm ilk dəfə darmadağınla üzləşib. Apasport.az saytının məlumatına görə, Türkiyənin I dəstəsinin XVIII turunda Ordu klubu səfərdə “Ankaraspor”la qarşılaşıb. Subaşiç 90 dəqiqə çıxış etsə də, qol vura bilməyib. Əksinə, paytaxt klubu 4:0 hesablı qələbə qazanıb. Bununla da “Orduspor” 4-cü pilləyə yuvarlanıb.

“Tavşanlı Linyitspor” isə səfərdə “Qaziantep BB” ilə bacarmayıb – 1:2. Son vaxtlar ehtiyat oyunçuya çevrilən millimizin digər sabiq üzvü Usim Nduka yenə meydana çıxmayıb. U-21 millimizin qapıçısı Andrey Popoviç isə ənənəsinə sadiq qalaraq “18-liy”ə düşməyib.

Qeyd edək ki, Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” isə sabah bizim vaxtla saat 22:00-da “Adana Dəmirspor”un qonağı olacaq. Millimizin sabiq üzvü zədəli olduğu üçün meydana çıxmayacaq.