“Qəbələ” 6-cı oldu
23.12.2013 - 12:45
“Qəbələ” 6-cı oldu
“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası Braziliyanın Araponqas şəhərində keçirilən "Laranja Mekanika" beynəlxalq turnirində iştirakına yekun vurub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsini 3-cü pillədə tamamlayan "qırmızı-qaralar" son matçda - turnirin 5-ci yeri uğrunda oyunda Mərakeş təmsilçisi "Mohammed VI" ilə üz-üzə gəlib.

Matçda hesabı açan tərəf ərəblər olub. Ruhdan düşməyən "Qəbələ" final fitinədək status-kvonu bərpa etməyi bacarıb. Elmiz İsmayılov bərabərlik qoluna imza atıb. Qalib müəyyənləşmədiyindən, tərəflər penalti duelində üzləşiblər. Bu mərhələdə daha dəqiq oynayan mərakeşlilər 5:4 hesabı ilə qalib gəliblər. Beləliklə, "Qəbələ" turniri 6-cı yerdə tamamlayıb.

Qeyd edək ki, “Qəbələ” qrup mərhələsində Braziliyanın “Laranja Mekanika” (0:3), “Palmeyras” (0:1) klublarına məğlub olmuş, sonuncu turda isə BƏƏ “Əl-Əhli”si ilə heç-heçə etmişdi – 1:1.