Çumbinyo ilə Elvin Yunuszadənin fərqi
23.12.2013 - 15:17
Çumbinyo ilə Elvin Yunuszadənin fərqi
Topaz Premyer Liqasının ilk yarısının ən intizamlı və intizamsız futbolçuları müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, arxada qalan 18 turda ən çox vərəqə alanlar və cəzalanmadan meydanda daha çox olanların adları məlumdur.

Mövsümün ilk iki dövrəsində 2 futbolçu qırmızı vərəqələri ilə hamını arxada qoyub. Bunlar “Neftçi”nin gəncləri Ruslan Qurbanovla Elvin Yunuszadədir.

Düzdür, Qurbanov artıq neçə vaxtdır “Sumqayıtda çıxış edir. Lakin “Neftçi”nin ölkəmizə gətirib milliləşdirdiyi rusiyalı elə Yunuszadə kimi intizamsızlığı ilə fərqlənir. Onların hərəsi artıq 2 dəfə meydandan qovulub. Özü də Elvin cəmi 7 qarşılaşmada meydana çıxsa da, bunların 2-ni qırmızı vərəqə ilə tərk edib.

Mövsümün intizamsızları kimi AZAL-ın futbolçuları Aleksandr Şemonayev, Oskars Klyava və “Rəvan”lı Mişel Balakoqu da qeyd etmək olar. Meydandan qovulmayan Şemonayev 8 qarşılaşmada xəbərdarlıq alıb. Digər 2 oyunçu isə 1 qırmızı və 6 sarı ilə cəzalanıb.

Hesabında vərəqəsi olmayanlar arasında ən çox oynayan isə Çumbinyodur. “Qarabağ”ı legioneri 17 qarşılaşmada 1476 dəqiqə meydanda olub. Lakin hakimlər ona hələ də vərəqə göstərməyib. Bu isə Marinaldo da Silvanın mövsümün ən intizamlı oyunçusu olması anlamına gəlir. Çünki ondan daha çox oynayanların hamısı ən azı 1 dəfə vərəqə görüb.