Mitreski də qovulur, Qliqorov da!
23.12.2013 - 16:52
Mitreski də qovulur, Qliqorov da!
Bakının “İnter” klubunun futbolçusu İlço Naumoskinin komandadan kənarlaşdırılması Makedoniya mətbuatının da diqqətindən kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, ümidləri doğrultmayan hücumçunun belə aqibətlə üzləşməsi vətənində təbii qarşılanıb. Onlar heyətə düşməkdə çətinlik çəkən futbolçunun baş məşqçiyə lazım olmamağını da qəbul edir.

Lakin maraqlısı odur ki, makedoniyalı həmkarlarımız bu ölkədən olan daha 2 futbolçunun vətəninə göndəriləcəyini gözləyir: “Naumoski Azərbaycan karyerası başa çatan yeganə makedoniyalı olmaya bilər. İqor Mitreski və Nikola Qliqorovu da onun taleyi gözləyir. Lakin onlar klubları ilə gələn ay yollarını ayıracaq”.

Həmyerliləri ilə bağlı proqnoz verən makedoniyalılar bunu onların heyətə düşməkdə çətinlik yaşaması ilə izah edir. Onların fikrincə, artıq neçə ildir “Neftçi”də çıxış edən Mitreski son vaxtlar heyətə düşə bilmir. Bu isə veteran futbolçu üçün Azərbaycanı tərk etməklə nəticələnə bilər.

Con Toşakın “Xəzər Lənkəran”a gətirdiyi Nikola da ümidləri tam doğrulda bilmir. Balkanlı futbolçu vaxtının çoxunu ehtiyatda keçirməklə məşğuldur.

Makedoniyalılar daha bir həmyerliləri Edin Nuredinoskinin adını unudub. “Bakı”da heyətə düşə bilməyən futbolçunun da gedişini gözləməyə dəyər.

Qeyd edək ki, mövsümün arxada qalan 18 turunda Mitreski 7, Qliqorov 8 matçda meydana çıxıb.