Ağasəlim Mircavadov: “Qarabağ”ın topladığı xal azdır - MÜSAHİBƏ
24.12.2013 - 13:06
Ağasəlim Mircavadov: “Qarabağ”ın topladığı xal azdır - MÜSAHİBƏ
Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov apasport.az saytına müsahibəsində Topaz Premyer Liqasının geridə qalan bölümünü dəyərləndirib. 66 yaşlı mütəxəssis qış fasiləsinə yollanan klubların çıxışın təhlil edərək, fikirlərini bölüşüb.

- “Qarabağ”ın “qış çempionu” olacağını təxmin edirdiniz?
- Turnir cədvəlinə baxdıqda, ilk turlardan yaxşı oynayan kollektivlərin üst sıralarda yer aldığını görürük. “Qarabağ”ın lider olması qanunauyğundur. Hətta, deyərdim ki, hələ az xal yığdılar. Qurban Qurbanovun komandası sərgilədiyi oyunun müqabilində ən yaxın izləyicisini 4-5 xal qabaqlamalı idi. Ancaq bəzi matçlarda gözlənilməz xal itkisi ilə üzləşdilər. Lakin olan işdir, bütün görüşlərdə qalib gəlmək olmur ki... “Qarabağ”ın istər yerli, istərsə də əcnəbi futbolçuları yaxşı səviyyədədirlər və vəhdət təşkil edirlər.

- “Qəbələ” yarandığı gündən bəri ilk dəfədir çempionluq uğrunda mübarizədə iştirak edir. Bu, klubun infrastrukturuna qoyulan sərmayənin bəhrəsidir, yoxsa baş məşqçi amili ilə bağlıdır?
- Gəlin, “Qəbələ”nin necə yarandığını və hansı ardıcıllıqla hərəkət etdiyinə nəzər salaq. Bu kluba əvvəlcə uşaq futboluna sərmayə qoydu, akademiya açdılar, ölkənin müxtəlif bölgələrindən uşaq və yeniyetmə futbolçuları götürdülər. Özünüzdə görürsünüz ki, “Qəbələ” dünyanın müxtəlif ölkələrində təşkil edilən uşaq turnirlərinə qatılırlar, özləri beynəlxalq yarışlar keçirirlər. Təbii ki, bunun davamı kimi, əsas komandanın da öz zamanı vardı və artıq həmin an yetişib. Yeri Syomini çox yaxşı tanıyıram, qabiliyyətinə bələdəm. Gördüyü iş göz qabağındadır. Komandanın oyunu legionerlərin üzərində qurulub. Əsas yük Mendi ilə Subotiçin üzərinə düşür. Düzdür, müəyyən problemləri var. Ancaq çempionluq uğrunda mübarizə aparmağa layiqdirlər.

- “Qəbələ” çempionluğa namizəd olsa da, “Neftçi” və “”Qarabağ”a qarşı keçirdiyi 4 oyunun hamısında uduzub. Bu məqam onların iddiasına kölgə salmır?
- Çempion olmaq üçün əsas rəqiblərini udmalısan. “Qəbələ”nin “Neftçi” və “Qarabağ”a istər oyun, istərsə də nəticə baxımından uduzması onlar üçün yaxşı hal deyil. Dediyim kimi, müəyyən problemləri var. Komandanın müdafiə və orta xəttinə əl gəzdirilməlidir. Lakin ən yaxşısını baş məşqçi özü bilir.

- “Böyük oyun” iştirakçıları – “Neftçi” və “Xəzər Lənkəran”ın ümumi cəhətləri var. Mövsümün gedişində hər iki komandada baş məşqçi dəyişikliyinin reallaşıb və həm “ağ-qaralar”, həm də “ağ-yaşıllar” ötən çempionatdakı performanslarına sadiq dirlər...
- “Neftçi” çempionluğa namizəd sayılmasına, 3-cü pillədə olmasına rəğmən stabil oynamır. Heyətdəki uşaqlar istedadını tam açmayıblar. Məsələn, Araz Abdullayevi həm “Neftçi”də, həm də yığmada lider kimi görmək istəyirəm. O uşaqlar Avroliqada çıxış ediblər, daxili yarışlarda da çox oynamalıdırlar. Birinci onların özlərində günah görürəm ki, daha çox işləyə bilərlər, amma bəzi səhlənkarlıqlara yol verirlər. “Neftçi”nin başqa bir problemi intizamsızlıqdı. Ötən mövsümlə müqayisə etsək, indi daha çox vərəqə aldıqlarını görərik. Sanki titulu qorumağın daha çətin olduğunu unudurlar. Yaxşı oynayan futbolçuların birdən-birə zəifləməsi öz sözünü deyir.


- Con Toşak etimadı doğrultmadı. Bəs Mustafa Dənizli? Türkiyəli mütəxəssis komandanın əvvəlki şöhrətini geri qaytaracaq şəxsdirmi?
- Toşak dahi məşqçi olub. Hər adamı “Real”a dəvət etmirlər. Alınmadı, getdi. Mustafa Dənizlinin ad-sanı var. Ancaq Lənkəranda işləyə biləcəkmi, dəqiq bir söz deməyə çətinlik çəkirəm.

- Paytaxt təmsilçiləri – “Bakı” və “İnter” mövsümə yaxşı başlamasalar da tədricən öz oyunlarını tapırlar...
- “Bakı”da yaxşı oyunçular var, amma kollektivi düzəltmək lazımdır. Komanda stabil oynamır. Baş məşqçilərinin bəzi sitatlarını oxuyuram. Söyləyir ki, gedib Yaponiyadan, Çindən oyunçu gətirəcək. Nə deyim, mənə bir az qəribə gəlir. “İnter”ə gəlincə, heyətləri pis deyil. Bacarıqlarını ortaya qoyurlar. Onlara qarşı oynamaq bütün komandalar üçün çətindir.

- Hazırkı anda AZAL və “Simurq” ortabab statusuna malikdir. Bu kollektivlər daha yaxşı mövqelərdə qərarlaşa bilərdilər?
- AZAL-ın oyunun çox görmüşəm, baş məşqçilərinə də bələdəm. Gəlin, AZAL-ın büdcəsinə, oyunluların maaşları da baxaq, digər klubların da. Fərq həddindən artıq böyükdür. Lakin 18 tuta baxsaq, ola bilər ki, 1-2 oyunda zəif təsir bağışlayıblar. Qalan matçlarda, uduzduqları görüşlərdə belə, öz döyüşkənlikləri, mübarizlikləri ilə seçiliblər. Məsələn, sonuncu turda “Neftçi” ilə dueldə xarakter hesabına qalib gəldilər. “Simurq” da ortabab heyətlə gözləniləndən daha yaxşı çıxış edir. Onların öz prinsipləri var. Bu komanda ev oyunlarını Zaqatalada keçirə bilsəydi, daha çox xal yığardı. Ancaq stadion problemi ucbatından rəqiblərini fərqli məkanlarda qəbul etdilər ki, bu da öz təsirini göstərdi.

- “Rəvan”la “Sumqayıt”ın autsayder olması qanunauyğundur?
- Bəli. Cari mövsümdə Şahin Diniyevə qədər “Rəvan”ı 2 məşqçi çalışdırıb. Məşqçi dəyişikliyi komandaya xeyir vermir. “Rəvan” rəhbərliyi Şahin müəllimə inanıb, ona öz komandasını qurmaqda dəstək olmalıdırlar. Komandanın oyununda, intizamında ciddi dəyişikliklər var. Uduzduqları bəzi görüşlərdə rəqibdən zəif oynamayıblar. “Sumqayıt”da isə cavan uşaqlar cəmləşib, onları öyrətmək lazımdır. Baş məşqçiləri Aqil Məmmədov da gəncdir. Rəhbərliyim altında oynayıb, çox yaxşı futbolçu olub, çox yaxşı insandır. Rəhbərlik ona inanıb, bu postu həvalə edib. Ona da zaman lazımdı.

- Necə düşünürsünüz, qış fasiləsindən sonra da çempionluq uğrunda mübarizə aparan iddialıların tərkibində yenilik olacaq?
- Transferlərdən çox şey asılıdır. “Qarabağ”, “Qəbələ” və “Neftçi” üstünlüyü əldən verməməyə çalışacaqlar. “Bakı” ilə “İnter” də bu mübarizəyə qoşula bilər. Hətta, “Xəzər Lənkəran”ın da vəziyyəti dəyişmək ehtimalı var. Hər şey ola bilər. Qarşıda oynanılmayan 2 dövrə var.

ŞAMO