“İnter” yanvarın 22-si, “Arminiya” 25-i deyir
24.12.2013 - 13:22
“İnter” yanvarın 22-si, “Arminiya” 25-i deyir
“İnter”in Türkiyə toplanışı zamanı sınaqçı rəqiblərindən olan “Arminiya”nın hazırlıq planları bəlli olub. Apasport.az Almaniya Bundesliqasının rəsmi saytına istinadən xəbər verir ki, Bilefeld klubu yanvarın 17-dən 26-dək Bələkdə hazırlıq keçəcək.

Yanvarın 20-də Vyana “Rapid”i ilə qarşılaşacaq “Arminiya” son yoxlama oyununu məhz təmsilçimizlə keçirmək istəyir. Almanlar rəqibin adını səhvən “Bakı” kimi göstərsə də, əslində, “zolaqlılar”ın İspaniyaya gedəcəyini və “İnter”in bu komanda ilə qarşılaşacağını bilirik. Bu yoxlama oyununun keçirilmə tarixi kimi yanvarın 25-i göstərilib.

Ancaq “İnter” Almaniya 2-ci Bundesliqa təmsilçisi ilə yanvarın 22-də qarşılaşmaq istəyir. Almanlar da “Rapid”dən 2 gün sonra yoxlama görüşü keçirmək istəmədiklərindən, qarşılaşmanın baş tutma tarixi düyünə düşüb. “İnter”in meneceri Fərəc Əliyevin sözlərinə görə, tərəflər bu məsələdə ortaq məxrəcə gəlməyə çalışır. Böyük ehtimalla, bu oyun baş tutacaq.

Qeyd edək ki, “İnter” Türkiyədə 5 yoxlama görüşü keçirməyi planlaşdırıb.