“Rubin”də təşkilatçılıq işləri biabırçı həddədir”
24.12.2013 - 18:04
“Rubin”də təşkilatçılıq işləri biabırçı həddədir”
“Rüstəm Nurqalieviçə söylədim ki, sizin xahiş və qərarınızla klubun Qəyyumlar Şurası istəyirdi ki, “Rubin”ə kömək edəm. Ancaq öz körpəmin dəfnində iştirak etməyəcəyəm. Elə də oldu – dəfn mənsiz baş tutur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Rubin” klubunun vitse-prezidenti postundan istefaya göndərilən Kamil İsxakov söyləyib.

Millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu Kazan təmsilçisi ilə yollarını ayıran İsxakov Tatarıstan Respublikasının prezidenti və “Rubin” klubunun Qəyyumlar Şurasının sədri Rüstəm Minnixanovla görüşünün detalları barədə yerli mətbuata danışıb. O, komandanın Rusiya Premyer Liqasında uğursuz çıxışının günahkarı kimi postundan azad edilən Andrey Qromovu göstərib: “Qromovu vəzifəsindən azad etdiyi üçün Minnixanova “çox sağ ol” deyirəm. Onun istefaya göndərilməsi “Rubin”ə azarkeşlik edən, klub üçün həyəcan keçirən bütün insanların xahişi idi. Komandanın Rusiya çempionatındakı uğursuzluğu onun, Qromovun işidir. Xoşbəxtlikdən Avropa Liqasında heç nə edə bilmirdi. Məşqçi və komandanın arxasında bir gücün olduğunu hiss etməsi vacibdir. Ancaq klubdakı təşkilatçılıq işləri biabırçı həddədir”.

İsxakov baş məşqçi Kurban Berdıyevin istefaya göndərilməyə layiq olmadığını söyləyib: “Hesab edirəm ki, Kurban Berdıyev istefaya göndərilməyə layiq deyildi. Onun
səyləri, çox böyük əməyi sayəsində klubun bazası, sistem və bütün futbol infrastrukturu formalaşmışdı. Kurban 12 il gecə-gündüz fasiləsiz Tatarıstan üçün çalışdı. Onun sayəsində Rusiyada “Rubin”ə hörmət edirlər. Klubu artıq nəyinki MDB-də, bütün dünyada tanıyırlar”.

Qeyd edək ki, dekabrın 20-də Rüstəm Minnixanovun iştirakı ilə baş tutan toplantıda komandanın cari mövsümdəki uğursuz çıxışı müzakirə olunub. Yekunda baş məşqçi Kurban Berdıyevlə yanaşı, klubun baş direktoru Andrey Qromov və vitse-prezident Kamil İsxakovun tutduqları vəzifədən azad edilməsi ilə bağlı qərar qəbul edilib.