“Onlar qışda gedərlərsə, “Qəbələ” “qızıl”sız qala bilər” - FOTO
25.12.2013 - 13:07
“Onlar qışda gedərlərsə, “Qəbələ” “qızıl”sız qala bilər” - FOTO
“Qəbələ”də Yuri Syominin rəhbərliyi altında mənim komandaya gətirdiyim 2 istedadlı futbolçu çıxış edir”. Apasport.az saytının məlumatına görə, bunu tanınmış rusiyalı menecer Dmitri Selyuk deyib.

Topaz Premyer Liqasının liderlərindən “Qəbələ”nin baş məşqçisi Yuri Syominin də agenti olan Selyuk əyalət təmsilçisinə gətirdiyi legionerlərin də səviyyəsindən məmnundur: “21 yaşlı Leonardo Silva “qol+ötürmə” üzrə çempionatın ən yaxşısıdır. 22 yaşlı hollandiyalı Lorenso Ebesilio 2 dəfə öz ölkəsinin çempionu olub. Avropanın ən istedadlı 20 gənci sırasında yer alır. Həm meydanın mərkəzində, həm də cinahda yaxşı təsir bağışlayır. Gözüyumulu ötürmə vermək qabiliyyətinə görə, Syomin onu gənc Loskov adlandırır. Hərçənd, hər futbolçu ondan belə xoş söz eşidə bilmir”.

Qış fasiləsində Rusiya klublarına bir sıra oyunçularını təklif edən menecer “Qəbələ”li cütlüyün klubunu dəyişmə perspektivinə toxunub: “Onların qışda “Qəbələ”dən gedəcəklərini bilmirəm. Əgər bu baş verərsə, komanda “qızılsız” qala bilər. Yayda isə birmənalı şəkildə variantların olacağını söyləmək olar. Axı, mən bu futbolçuları pulsuz da yarım illiyə verə bilərəm. Sonra isə haqq-hesab edərik”.

Qeyd edək ki, Silva və Ebesilio “Qəbələ”yə mövsümün əvvəlində gəlib.