Höccət Hacıyev: Mario Souza öz futbolçularını təklif edəcək, amma...
25.12.2013 - 13:20
Höccət Hacıyev: Mario Souza öz futbolçularını təklif edəcək, amma...
“Duqlas Leyte və Rodomir Todorovun “Xəzər Lənkəran”dan gedişi rəsmiləşib. Bundan sonra komandanı kimlərin tərk edəcəyini söyləyə bilmərəm. Bu, baş məşqçi Mustafa Dənizlidən asılı olan məsələdir”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın icraçı-direktoru Höccət Hacıyev deyib.

Topaz Premyer Liqasında qış fasiləsi başlandıqdan sonra əksər klublar kimi, “Xəzər Lənkəran”ı tərk edəcək futbolçularla bağlı bir sıra iddialar gündəmə gəlməkdədir. Lakin Hacıyev əməkdaşımızla söhbətində hələlik “qara siyahı”da kimlərin yer alacağı barədə dəqiq məlumat olmadığını bildirib: “Mario Souza menecer kimi öz oyunçularını təklif edəcək, amma burda son söz sahibi baş məşqçidədir. Yəqin ki, onun özünün də müəyyən təklifləri olacaq. Mustafa Dənizli təcrübəli, tanınmış mütəxəssisdir. Onun nəzərində olan futbolçuların transferləri də mümkündür”.

“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov bir neçə gün öncə klubun rəsmi saytına verdiyi müsahibədə Lənkəranda keçirilən “Böyük oyun” sonrası həbs olunan 5 azarkeşin məsələsinə toxunarkən, bu işi araşdırmağı Hacıyevə həvalə etdiyini söyləmişdi. Klub rəsmisi mövzu ilə bağlı bunları söyləyib: “Hazırda Bakıdayam. Bu gün Lənkəranda baş tutacaq məhkəməyə köməkçimi göndərmişəm. Ona görə də, son durumla bağlı dəqiq məlumatım yoxdur. “Xəzər Lənkəran” klubu öz azarkeşləri barədə ədalətli qərarın çıxarılmasını gözləyir. Azarkeşlərimizin hər hansı iğtişaşda iştirak etməsini və onlara ağır cəza kəsilməsini istəmirik. Məsələ qanun çərçivəsində həllini tapacaq”.