Yaşar Seyidov: Onlar geri qayıtmayacaq
25.12.2013 - 13:55
Yaşar Seyidov: Onlar geri qayıtmayacaq
“Bakı”nın icraçı-direktoru Yaşar Seyidovun apasport.az saytına müsahibəsi

- Başa çatmaqda olan ili komandanız üçün ili necə dəyərləndirərdiniz?
- Ümumilikdə bütün yaş qrupları üzrə götürsək, ili bizim üçün yüksək qiymətləndirmək olar. “Bakı”nın işləri tək Premyer Liqadakı çıxışı ilə kifayətlənmir. Əsas uğurlar “Lans” və “Atletiko” ilə bağlanmış müqavilələrdir. “Bakı”nın Akademiyasından 5 futbolçunun “Atletiko”ya, 5-nin isə “Lans”a göndərilməsi də bir uğurdur. Belə düşünürəm ki, 2013-cü ildə “Bakı” çox böyük işlər görüb və bu yolla da davam edəcək.

- “Atletiko” və “Lans”a maliyyə yardımı edən bir komandanın turnir cədvəlinin ortasında qərarlaşması necə qarşılanır?
- Jurnalistlərdə və bu məsələ ilə bağlı maraqlanan yoldaşlarda belə bir tendensiya var: hər şeyi A komandasına görə nəzərə alırlar. Bu gün əsas məsələ “Bakı”nın gələcəyə hesablanmış proqramlarının həyata keçirilməsidir. Hazırda 5-ci pillədə ola bilərik. Ancaq “Bakı”nın gördüyü işlər növbəti illərdə onun yüksək pillələrdə olmasına zəmanət verir. 5-ci yerdə olmaq hələ ilin “Bakı” üçün uğursuz olduğunu demək deyil.

- Klub prezidenti Hafiz Məmmədov müsahibəsində bildirib ki, indiki komandanı Milinko Pantiç formalaşdırmadığı üçün onun işinə hələlik qiymət verə bilmirik...
- “Transfer pəncərəsi” dövründə komandaya yeni futbolçuların cəlb olunması nəzərdə tutulub. Hafiz müəllim bir şeydə haqlıdır ki, “Bakı” daim yüksək yerlərdə olmalıdır. Amma hələ qarşıda 18 tur var. Ona görə də bu turlarda maksimum nəticə göstərib, Avroliqaya vəsiqə qazanmalıyıq. Qarşıda hələ görüləsi işlərimiz çoxdur.

- Komandadan göndəriləcək futbolçuların adları məlumdur?
- Yox. Komandanın baş məşqçisi hələ ayın son günlərində siyahını təqdim edəcək. Dekabrın 28-29-da siyahı Hafiz müəllimə verilməlidir.

- Bəs müqavilə müddəti başa çatan futbolçular varmı?
- Xeyr.

- Sizin kluba məxsus Nurlan Novruzov hazırda Türkiyədədir. Onun “Bakı”ya qayıtmaq variantı var, yoxsa yenidən icarəyə veriləcək?
- Əgər Türkiyədə baxışdan uğurla keçə bilsə, sözsüz ki, “Bakı” həmin komanda ilə müqavilə bağlayacaq.

- “Rəvan”da çıxış edən Rəşad Abdullayev və Aqil Nəbiyev də sizə məxsusdur. Bəs bu futbolçulara ehtiyac duyulurmu?
- Yox, onlar geri qayıtmayacaq. Həmin futbolçularla bağlanmış icarə müqavilələri azı mövsümün sonunadək qüvvədə qalacaq. “Rəvan”ın bu futbolçulardan heç bir narazılığı yoxdur.

- Digər klublarımızdan fərqli, siz İspaniyada hazırlıq keçəcəksiniz. Çin Superliqasının gümüş mükafatçısı “Şandun Lunen Tayşan”la gücünüzü sınayacaqsınız. Bəs başqa, hansı komandalarla qarşılaşmaq planlaşdırılıb?
- Baş məşqçimiz bununla əlaqədar hazırda İspaniyadadır. Ayın sonlarında həmin komandaların adları bilinəcək. Təxminən həmin komandaların adları məlumdur. Ancaq bu siyahı dəqiqləşdikdən sonra sizə deyə bilərəm. Çünki bizim oynamaq istədiyimiz komandalar da bunu təsdiqləməlidir.

Səbuhi TOFİQOĞLU