Radomir Todorov: Necə, məndən imtina ediblər?
25.12.2013 - 15:10
Radomir Todorov: Necə, məndən imtina ediblər?
“Necə, məndən imtina ediblər? “Xəzər Lənkəran” mənimlə müqaviləni uzatmamağa qərar verməsindən xəbərim yoxdur. Bu haqda mənə heç nə deməyiblər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yollarını ayırdığı Radomir Todorov deyib.

2007-ci ildən qısa fasilə ilə cənub təmsilçisində çıxış edən bolqarıstanlı legioner başa çatan müqaviləsinin uzadılmamağına münasibət bildirmək istəməyib. 33 yaşlı Todorov bunu məsələdən xəbərsiz olması ilə izah edib: “Bu üzdən məsələyə hər hansı şərh verə bilmərəm. Yaxın günlərdə klub rəhbərliyi ilə danışıb, məsələni müzakirə edəcəm. Bundan sonra nəsə deyə bilərəm. İndi isə bu xəbər sanki göydən yerə düşdü. Belə gözlənilməzliklə üzləşdiyimdən heç nə danışmaq istəmirəm. Məsələyə tam aydınlıq gətirməyim üçün vaxta ehtiyac var. Müqaviləmi uzatmamağa qərar veriblərsə, bunun səbəblərini onlardan soruşmaq lazımdır”.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın tarixində ən çox oyun keçirən 2-ci futbolçu olan Todorov 183 matçda 1 qol vurub.