Yaşar Seyidov: Hər şey qarşılıqlı olacaq
25.12.2013 - 15:43
Yaşar Seyidov: Hər şey qarşılıqlı olacaq
“Bakı”nın 5 azərbaycanlı futbolçusu “Lans”ın düşərgəsinə gedib, əsas komanda ilə məşqə çıxacaq. Əgər onlar hazırlıqlar zamanı doğrulda bilsələr, “Lans”ın əsas komandasında meydana çıxmaq şansı qazanacaqlar”. Bunu apasport.az saytına “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.

Seyidov həmin futbolçuların üzərinə böyük yük düşdüyünü bildirib. Belə ki, “Lans”ın düşərgəsinə yollanacaq futbolçular toplanışda yox, çempionat oyunlarının məşqlərində iştirak etməli olacaqlar. Buna səbəb isə Fransa çempionatında fasilənin olmamağıdır: “Fransada fasilə yoxdur. Onlarda İngiltərədəki kimidir. Çempionat qurtarır, ancaq yanvar ayının 8-də isə başlayır. Ona görə də “Bakı”dan gedəcək futbolçular “Lans”ın toplanışına yollanmayacaq. Onlar elə hazırlıqlı olmalıdırlar ki, uzun marafona tab gətirsinlər”.

Klub rəsmisi Fransaya gedəcək 5 futbolçunun kimlərin olacağını və “Lans”ın düşərgəsinə necə yollanacağını da bildirdi: “Mahir Mədətov, Ülvi Süleymanov, Valeh Seyidov, Nicat Əsgərov və Namiq Ələsgərov “Lans”a yollanacaq. Bunlardan ilk 3-ü Fransaya, digər 2-si isə “Bakı”nın əsas komandası ilə İspaniyaya yollanacaq. İspaniyada olanlar “Bakı”nın toplanışı başa çatdıqdan sonra “Lans”a qoşulacaq. Əgər ehtiyac olarsa, Mahir, Ülvi və Valeh də “Bakı”nın əsas komandası ilə İspaniya hazırlıqlarında iştirak edəcək. Yəni, hər şey belə qarşılıqlı şəkildə olacaq”.

Qeyd edək ki, hazırda “Bakı”nın əməkdaşlıq etdiyi Madrid “Atletiko”sunun U-17 komandasında 5 azərbaycanlı futbolçu çıxış edir.